ABŞ və digər müttəfiqlər yeni paketlərin qəbulunda gecikmələr fonunda Ukraynanın Qərbin hərbi yardımı olmadan döyüş meydanında nə qədər davam edə biləcəyini qiymətləndirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə
istinadən yazır.
Telekanalın məlumatına görə, ABŞ və digər ölkələr "Ukraynanın müdafiə qabiliyyətinə potensial zəiflədəcək təsirləri və müharibədə mümkün itkilərin uzunmüddətli perspektivlərini” müəyyən etməyə çalışırlar. Qərb rəsmiləri Vaşinqtonun dəstəyinin itirilməsi və ya daha da gecikməsinin digər ölkələrin yardımına təsir edəcəyindən ehtiyat edirlər.
"Bizimlə uğur qazanacaqlarına dair heç bir zəmanət yoxdur, lakin onlar bizsiz məğlub olacaqlar”, - ABŞ-ın yüksək rütbəli hərbi məmuru CNN-ə bildirib.
Materialda deyilir ki, müttəfiqlərin ən böyük narahatlığı Ukraynanın şərqdə və cənubda əks-hücum keçirməsidir, burada Ukrayna qoşunları ABŞ-ın dəstəyi ilə əhəmiyyətli irəliləyiş əldə etmək üçün mübarizə aparır.
"Daha çox ərazi ələ keçirmək və saxlamaq baxımından bunun ABŞ-ın əlavə dəstəyi olmadan necə uğurla həyata keçirilə biləcəyini təsəvvür etmək çətindir”, - deyə adı açıqlanmayan avropalı diplomat bildirib.
CNN-in məlumatına görə, Qərb kəşfiyyat orqanları indi Ukraynanın ABŞ və NATO-nun yardımı olmadan nə qədər duruş gətirə biləcəyini hesablayır. ABŞ-ın yüksək rütbəli hərbi məmurlarından biri hesab edir ki, söhbət "bir neçə aydan, ən pis senari ilə yaya qədər əhəmiyyətli itkilər və ya hətta məğlubiyyətdən” gedir.
Qərb rəsmilərinin fikrincə, ABŞ-ın əlavə yardımı olmasa, Ukraynada əvvəlcə uzaqmənzilli raketlər, sonra hava hücumundan müdafiə raketləri, daha sonra artilleriya sursatları və yaxın mənzilli raketlər (Javelin, Stinger) tükənəcək.
ABŞ və Ukrayna rəsmiləri telekanala bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri artıq döyüş sursatlarını norma ilə istifadə edir, baxmayaraq ki, rusiyalılar ukraynalılardan 5-7 dəfə çox atəş açır. CNN-in məlumatına görə, Ukraynanın yüksək rütbəli hərbi rəsmisi deyib ki, komandanlığın fikrincə, atəş gücünə təsir Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri arasında əlavə itkilərə səbəb olub.
"Mən düşünmürəm ki, insanlar Ukraynanın süqutunun əslində nə demək olduğunu tam başa düşürlər. Biz dəhşətli şeylər görəcəyik: etnik təmizləmə və Ukraynanın tamamilə məhv edilməsi. Onların Buçada etdiklərini xatırlayın. Heç olmasa bunun qarşısını ala bilsək, bu, artıq uğurdur. Və buna görə də biz davam etməliyik”, - avropalı diplomat CNN-ə bildirib.
Nizami Bağırov