"Rusiyanın kifayət qədər resurs, enerji və vaxt sərf etdiyi Ukrayna cəbhəsində yaşadıqları digər bölgələrdəki imkanlarına da təsir edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Rusiyanın Ukraynada ağır durumda olmasının digər bölgələrdəki mövqelərinə təsir etməyəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Onun fikrincə, Ukraynada müharibənin uzanması Rusiyanın Orta Asiya, Qafqaz, Balkanlar və Yaxın Şərqdəki maraqlarına da təsir edir:
"İstənilən dövlət, o cümlədən Rusiyanın böyük problem, çoxsaylı enerjinin sərf olunduğu hansısa istiqamətdəki durumu istər-istəməz onun digər istiqamətdəki durumuna da təsir edir. Təbii ki, Ukraynada müharibənin uzanması Rusiyanın Orta Asiya, Qafqaz, Balkanlar və Yaxın Şərqdəki maraqlarına da təsir edir. Aydındır ki, Kreml son ana qədər digər istiqamətlərdə də mövqelərini qoruyub saxlamağa çalışacaq. Digər istiqamlərə gəlində, Rusiya bunların hamısına eyni önəmi vermir. Moskvanın Ukrayna cəbhəsindən sonra önəm verdiyi ikinci cəbhə Qafqaz istiqamətidir. Ona görə də Kreml regionumuzda öz önəmini qoruyub saxlamağa çalışır”.
Ekspert qeyd edir ki, Rusiyanın Qafqazda, Ukraynada və digər məkanlarda atdığı yanlış addımları kompensasiya etmək asan deyil:
"Ukrayna cəbhəsində qarşıdurma Rusiyaya bir deyil, çoxsaylı dövlətlərlə qarşıdurma təhlükəsi yaratdı. Qafqazda da Moskva eyni problemlərlə üzləşəcək. Son zamanlar sülhməramlıların öz missiyalarını düzgün yerinə yetirməmələrilə bağlı məqamların şahidi oluruq. Bu Azərbaycanla Rusiya arasında qarşıdurmaya səbəb olmasa da, Moskva ilə daha çox dövlətin üz-üzə qalmasına səbəb ola bilər. Ukrayna cəbhəsində baş verənlərin Qafqazdakı proseslərə də təsiri var. Ermənistan da dərs çıxarmalıdır. İrəvan başqa dövlətə güvənib işğalçı siyasətini davam etdirməməli, regional və qlobal prosesləri düzgün dəyərləndirib, qonşularla normal münasibətlər qurmalıdır. Bu fonda Rusiyanın Ukraynada çətin duruma düşməsinə baxmayaraq, Qafqaz və digər bölgələrə nəzarətinin zəifləməyəcəyi barədə söylənilənlər sadəcə olaraq, Moskvanın region ölkələri, xüsusən də Ermənistana təzyiq etmək məqsədi daşıyır. Ona görə də nə deyilməsindən asılı olmayaraq, mənzərə aydındır”.
Qeyd edək ki, erməni siyasi texnoloq Viqen Akopyan Rusiyanın başı Ukrayna məsələsinə qarışsa da, onun Cənubi Qafqazdakı problemlərin həllilə məşğul olmağa lazımi qədər qüvvəsinin olduğunu bildirib: "Rusiyanın resursları yetərlidir. Bu əsasda heç kim ilyuziyaya qapılmamalıdır ki, Rusiya xeyli zəifləməsi fonunda artıq lokal xarakterli sərhədyanı və digər məsələləri həll etmək gücündə deyil”.
Rüfət Sultan