Xəbər lenti

Ukrayna danışıqlardan niyə imtina etdi? -
Dünya 22:01 27.02.2025

Ukrayna danışıqlardan niyə imtina etdi? - "Özünü qorxaq kimi göstərə də bilməz"

"Bu məlumat Ukraynanın heç də zəif olmadığının göstəricisidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ dövlət katibi Marko Rubionun Ukraynanın Rusiya ilə danışıqlardan imtina etdiyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Kiyevin ona diktə edilən şərtlərlə razılaşmayacağı aydın idi:

"Bəzi siyasətçilər müasir dövrlə keçən əsrin əvvəllərini eyni hesab edirlər. Məsələ ondadır ki, istər birinci, istərsə də II Dünya müharibəsi öncəsi və sonrakı proseslərlə oxşarlıq cəhdləri indi də davam edir. Onlar hesab edirlər ki, kim güclü hesab edilirsə, realpolitik nəzərə alınmadan onun istədiyi olmalıdır".
 


Ekspertin fikrincə, məsələ ondadır ki, Ukrayna deyildiyi kimi də zəif deyil:

"Kiyev o qədər də zəif deyil ki, ona hansısa şərtləri diktə etmək mümkün olsun. Bu, heç də Ukraynanın hərbi gücü ilə bağlı da deyil. İlk növbədə Avropa dövlətlərinin təhlükəsizlik məsələsi ilə bağlıdır. Odur ki, Ukraynanın gücünü Avropadan kənar hesab etmək olmaz. Avropa ölkələri də bunu başa düşür və qeyd edirlər".
 
Digər tərəfdən A.Qasımov düşünür ki, burada Ukrayna xalqının əzmi də həlledici rol oynayır:

"Bu baxımdan, Kiyevin danışıqlardan imtina etməyə haqqı var. Əslində, Rusiya da öz şərtlərini irəli sürür və o da müharibənin dayandırılmasına razı deyil. Ukrayna isə özü ilə bərabər dünyanın demokratik ölkələrinə arxayındır".

Ekspert Kiyevin danışıqlardan imtina addımında taktiki gediş istəyinin olduğunu da istisna etmir:

"Ukrayna özünü sözəbaxan, qorxaq kimi göstərmək istəmir və göstərə də bilməz. Gec-tez danışıqlar baş tutacaq və qarşı tərəflərin danışıq masasına oturması labüd olacaq. Ancaq bu oyun masasına kimin hansı əllə oturması şərtləri müəyyən edəcək".

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Ukraynanın Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlardan imtina etdiyini açıqlayıb. Bu barədə "Breitbart News" məlumat yayıb. 

Rubionun sözlərinə görə, Ukrayna tərəfi ABŞ-ın səylərinə baxmayaraq, danışıqlar masasına oturmaq istəməyib. O əlavə edib ki, Kiyev "öz yolu ilə" irəliləmək istəyir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->