Ukrayna Rusiyada fəaliyyət göstərən ən böyük Qərb bankını Moskva ilə əlaqələri kəsməyə çağıraraq, "Raiffeisen Bank International”ı müharibə sponsorlarının qara siyahısından həmişəlik çıxarmaqdan imtina edib.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Fevral ayında "Raiffeisen”ə göndərilən məktubda Ukrayna rəsmiləri Rusiyanı tərk etmək səylərini şübhə altına alıb və planlarının çoxunun qeyri-müəyyən və natamam olduğunu söyləyib.
Agentliyin qeyd etdiyi kimi, məktub Kiyev və Avstriya arasında gərginliyi artırır, onun siyasi liderləri də "Raiffeisen”in siyahıdan çıxarılması üçün lobbiçilik edirlər.
"Bir sıra ağ ləkələr hələ də qalır. Satış üçün heç bir qrafik yoxdur... Spin-off senarisinin nə vaxt qüvvəyə minəcəyi bəlli deyil", - Ukrayna rəsmiləri məktubda bunların bankın siyahıdan çıxarılmasına mane olduğunu bildiriblər.
"Raiffeisen” keçən il Rusiya biznesini dayandırmaq niyyətində olub, lakin bu, hələ baş tutmayıb. Bankın nümayənfəsi bildirib ki, Bank tənzimləyicilərin icazəsindən asılı olduğu üçün Rusiyadan çıxması ilə bağlı vaxt cədvəli verə bilməz.
Ukrayna rəsmiləri məktubda həmçinin "Raiffeisen”in Rusiya hərbçilərinə kredit verilməsini asanlaşdıran proqramları ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin bankın bildirdiyinə görə, Rusiyada qanunlar bunu tələb edir.
2023-cü ilin dekabrında Avstriya siyasətçiləri Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmək müqabilində bankın müvəqqəti olaraq qara siyahıdan çıxarılmasına nail olublar.
Avstriya açıq şəkildə Ukraynanı dəstəkləyir, lakin hökumətin planları ilə tanış olan bir neçə mənbə münasibətlərin müəyyən mərhələdə bərpa olunacağına ümid edərək Rusiya ilə çoxdankı əlaqələri tamamilə kəsmək istəmədiklərini bildiriblər.
Avstriya hökumət rəsmiləri hesab edir ki, "Raiffeisen” ədalətsiz olaraq siyahıya salınıb. Rusiyada hələ də aktiv olan İtaliyanın "UniCredit” kimi digər banklar siyahıda yoxdur.
"Raiffeisen” siyahıda olan yeganə Avstriya şirkətidir. Macarıstanın OTP Bankı da daxil olmaqla bəzi şirkətlər siyahıdan çıxarılıb.
"Raiffeisen” dekabr ayında qara siyahıdan çıxarılsa da, adı hələ də Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin tərtib etdiyi "beynəlxalq müharibənin sponsorları” kimi tanınan 49 şirkətlə yanaşı görünür.
Ukrayna hökumətindəki anonim mənbənin Reuters-ə verdiyi məlumata görə, məktub Avstriya bankının 2024-cü ilin üçüncü rübünə qədər Rusiyanı tərk etmək niyyətini bildirməsindən sonra göndərilib.
Məktubda bildirilir ki, bankın Rusiya biznesinin satış vaxtı qeyri-müəyyən olaraq qalır.
Məktubda həmçinin deyilir ki, "Raiffeisen” yazışmalarda satışın bankın "üstünlük verdiyi seçim" olduğunu qeyd edib, lakin heç bir detal təqdim etməyib.
Ukrayna rəsmiləri məktubda həmçinin Avropa Birliyi və Avstriyadan tənzimləyici icazələrin alınmasının nə qədər vaxt aparacağını soruşublar.
Məktub onunla bitir ki, bankın "dayandırılmış” statusu qüvvədə qalacaq, lakin Ukrayna "müsbət xəbərlər” alacağı təqdirdə bankı qara siyahıdan çıxara bilər.
Xatırladaq ki, "Raiffeisen” Rusiyada fəaliyyətini davam etdirən ən böyük Qərb bankıdır.
Rusiya hakimiyyəti təqribən 2600 korporativ müştərisi, 4 milyon yerli hesabı və 10 000 işçisi olan "Raiffeisen”ə transsərhəd ödənişlərə icazə verdiyi üçün onun qalmasını istədikləri barədə siqnal verib.
Nizami Bağırov