Beynəlxalq Valyuta Fondu Ukrayna vətəndaşları qarşısında bütün sosial və humanitar öhdəlikləri yerinə yetirməsi üçün büdcəyə ayda 5 milyard dollar daxil olacaq xüsusi inzibati hesab yaradıb.
Qaynarinfo "Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı telemarafonunun efirində baş nazir Denis Şmıqal
bildirib.
"Biz BVF-lə davamlı əməkdaşlıq edirik. İş səviyyəsində demək olar ki, həftəlik əlaqələrimiz var. Razılaşmaya əsasən, Beynəlxalq Valyuta Fondu tərəfindən yaradılmış xüsusi inzibati hesab vasitəsi ilə bütün tərəfdaşlarımız bizə dəstək göstərəcək. Biz aylıq 5 milyard dollar rəqəmini səsləndirdik. Bu rəqəm həm BVF, həm də Dünya Bankı tərəfindən təsdiqləndi. Bu, müharibədən əziyyət çəkən dövlətimizin vətəndaşları qarşısında bütün sosial və humanitar öhdəliklərin yerinə yetirilməsi üçün Ukrayna büdcəsinin tələb etdiyi vəsaitdir”, Şmıqal bildirib.
O, həmçinin qeyd edib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın Ukraynada qohumları var və buna görə də o, Ukraynadakı vəziyyəti belə dərindən anlayır.
"Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva özü də Ukraynadakı vəziyyəti dərindən anlayır, onun burada qohumları var. O, həmin insanlarla birbaşa əlaqədədir, onlardan Ukraynada baş verən bütün dəhşətlər, vəhşiliklər və rus işğalçılarının burada etdikləri şeylər barədə məlumatı var. Buna görə də o, həm də emosional şəkildə Ukraynaya dəstək və kömək etməkdə özü iştirak edir”, - Baş nazir bildirib.
Nizami Bağırov