"Qarşıdakı dönəmdə Rusiya üçün daha çətin olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov avqustun 30-u Ukraynanın Rusiya şəhərlərinə endirdiyi kütləvi dron zərbələrini şərh edərkən deyib:
"Bu, çoxdan gözlənilən hadisə idi. Dünən gecə baş verən dron hücumu onu göstərir ki, Ukraynanın Rusiya ərazilərinə kütləvi şəkildə dron hücumu artıq geniş vüsət alıb. Ukrayna ordusu Rusiyanın şimalındakı Pskov şəhərini zərbəyə məruz qoyub. Bu şəhərdəki rus hərbi aerodromu vurulub. Nəticədə orada saxlanılan və döyüş bölgəsinə yük daşıyan 4 İl-76 təyyarəsi sıradan çıxıb. Həmin aerodrom Ukraynadan 700 km-lik bir məsafədə yerləşir. Yaxın günlərdə Ukrayna Moskvanı da daha geniş şəkildə hədəfə alacaq”.
Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar onu deməyə əsas verir ki, aktiv döyüş əməliyyatları artıq Rusiya ərazisinə keçib. "Belə vəziyyət bundan sonra da artan xətlə gedəcək. Rusiya öz ərazisində hərbi infrastruktur baxımından daha ciddi itkilərə məruz qalacaq. İnsan itkiləri də olacaq. Ukrayna ordusu qarşıdakı aylarda daha çox artileriya və pilotsuz uçuş aparatlarına üstünlük verəcək”,- deyə Ü. Cəfərov bildirib.
Ekspert vurğulayıb ki, Kiyev bu məqsədlə 200 min ədəd dron alıb:
”Deməli, qarşıdakı dönəmdə Rusiya üçün çox çətin olacaq”.
Qeyd edək ki, bu gücə Ukrayna Ordusu tərəfindən Rusiyanın bir sıra şəhərlərinə dronlarla kütləvi hücum olub. Hətta Ukrayna sərhədindən 700 km aralı Pskov şəhəri də hecuma məruz qalıb. Nəticədə buradakı hərbi aerodromdakı 4 təyyarə sıradan çıxarılıb.
Rüfət Sultan