"Rusiyanın istədiyi kimi Ukraynanın neytral statuslu ölkəyə çevrilməsi mümkündür. Ancaq əsas məsələ odur ki, danışıqlar nəticəsində Ukraynanın ərazi bütövlüyü necə təmin olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Vladimir Putinin Kiyevlə onun neytral statusu və silahdan qarşılıqlı imtina ilə bağlı danışıqlara hazır olduğunu bəyan etməsinə münasibət bildirərkən deyib:
"Hərbi əməliyyatlar bu və ya digər şəkildə hansısa məqsədlərə tam şəkildə çatmaq üçün əlverişli vasitə deyil. Ukraynanın müdafiəsi onu göstərdi ki, Kiyevin hərbi əməliyyatla nəyəsə nail olması perspektivi yoxdur. Söhbət ondan gedir ki, danışıqlar nəticəsində Ukraynanın ərazi bütövlüyü necə təmin olunacaq.
Tarixən Ukrayna 3 yerə bölünüb, şərq, mərkəz və qərb. Onların hər birinin siyasi oriyentasiyası da müxtəlif olub. İstisna etmirəm ki, Moskvanın məqsədlərindən biri də Ukraynanın bölünməsidir. Moskva rusiyapərəst şərqi özünə birləşdirməyə çalışacaq. Mərkəz ərazi isə ola bilsin, bölünəcək. Bu baxımdan danışıqlarda neytral status məsələsi yeganə mövzu olmayacaq”.
Ümumiyyətlə, diplomat hesab edir ki, danışıqlar prosesilə bağlı sualı dolğun cavablandırmaq üçün hərbi əməliyaytların nəticəsini dəyərləndirməliyik:
"Hiss olunur ki, rusların ilk hücumu dəf olunub. Ona görə Kiyev digər mövzuları da gündəmə salmağa çalışacaq. Kiyev bəlkə də hesab edir ki, artıq Rusiyanın hərbi imkanları tükənir və Ukrayna hərbçilərinin mövqelərini yaşayış məntəqələrinə keçirməsilə Moskvanı çətin seçimlə üz-üzə qoyub. Belə ki, şəhərlərə hücum etmək humanitar baxımdan olduqca fəlakətlidir. Şəhər döyüşlərində aviasiyanın üstünlüyü də əhəmiyyət kəsb etmir. Belədə, Ukraynanın əlində hələ də seçim imkanları var”.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın Peskovun açıqlamasına cavab olaraq Kiyevin neytral statusla bağlı Moskva ilə danışıqlara hazır olduğunu, əvəzində təhlükəsizlik zəmanəti istəməsi barədə səsləndirdiyi fikrinə gəldikdə, politoloq Cümşüd Nuriyev bildirir ki, bu Ukraynanın NATO-nun fəaliyyətsizliyini görəndən sonra ondan üz çevirməyə məcbur olması deməkdir:
"Zelenski bildirmişdi ki, heç kim yanlarında yoxdur, NATO-da Kiyevi üzv qəbul etməyə qorxur. Acı reallıq odur ki, Ukrayna gecikdi. Kiyev nə Qərbdən, nə də NATO-dan heç bir dəstək görmədi. Ona görə də gecikmiş olsa da, belə bir açıqlama ilə çıxış edib. Lakin Moskva onu qəbul etməyəcək. Artıq Şərqi Ukrayna Rusiyanın nəzarətindədir. Ruslar hətta Dnepr çayının şərq sahillərinə qədər gedəcək, Ukraynanın Azov və Qara dənizlərə çıxışını bağlayacaq, Kiyevdə dayanacaqlar. Ona Qərbi Ukrayna lazım deyil”.
Həmsöhbətimiz düşünür ki, müharibə martın əvvəllərinə qədər davam edəcək:
"Bayden bəyan etdi ki, Rusiyanın xaricdəki 1 trilyon dollarlıq sərvətini ələ keçiriblər. 1,5-2 trilyon dollara yaxın da Avropa prosesdən qazandı. Yəni ABŞ və Avropa istədiklərini götürdü. Burada Ukrayna qurbanlıq oldu”.
Rüfət Sultan