Ukrayna müharibənin 20-ci həftəsində Rusiyanın bir sıra hərbi sursat anbarlarını məhv edib.
Bu barədə Qaynarinfo "ALjazeera” saytına istinadla xəbər verir.
Ukrayna bu hücumla ABŞ-ın təchiz etdiyi HIMARS raket sistemlərinin və digər Qərb silahlarının səmərəliliyini nümayiş etdirərək, Rusiya hərbi müşahidəçilərini narahat edib. Ukraynanın bu hücumları Krımla həmsərhəd olan Xerson və Zaporojya rayonlarında yay əks-hücumuna hazırlıqların bir hissəsi kimi görünür.
Ukrayna iyulun 10-da Rusiyanın Xerson rayonundakı əsas komanda məntəqəsini silah arsenalı ilə birlikdə məhv etdiyini, nəticədə 12 rus hərbçisinin həlak olduğunu bildirib. İki gün sonra Ukrayna, Xerson vilayətində, Nova Kaxovkada daha bir rus silah-sursat anbarına zərbələr endirdiyini və bu dəfə 52 əsgərin öldürüldüyünü bildirib.
Rusiyanın rəsmi TASS xəbər agentliyi ikinci dəfə yalnız mülki infrastrukturun vurulduğunu və 7 nəfərin öldüyünü bildirib, lakin rus hərbi bloqerləri Ukraynanın Rusiyanın cəbhə arxası anbarlarına qarşı son uğurlarından narahatlıqla xəbər verib və dəfələrlə partlayıcı sursatların videolarını yayıblar.
Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, "tərəfdaşlarımızdan aldığımız silahlar çox güclü işləməyə başladı. Onların dəqiqliyi lazım olan qədərdir”. Onun sözlərinə görə, Ukrayna ordusu anbarlara və işğalçıların maddi-texniki təminatı üçün vacib olan digər nöqtələrə çox nəzərə çarpan zərbələr endirirlər:”Bu isə Rusiya ordusunun hücum potensialını xeyli azaldır”.
Nurlan Hüseynov