Xəbər lenti

Ukrayna Rusiyanı necə məğlub edə bilər? - Generaldan üç senari
Dünya06:04 23.08.2023

Ukrayna Rusiyanı necə məğlub edə bilər? - Generaldan üç senari

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
General Riçard Berrons 2013-2016-cı illərdə Britaniya Silahlı Qüvvələrinin Birgə Komandanlığına (indiki Strateji Komandanlıq) rəhbərlik edib. O, həmçinin Əfqanıstan, Kosovo və İraqda sülhməramlı missiyalarında olub. 
Qaynarinfo xəbər verir ki, "BBC Ukrayna" xidmətinin müxbiri İren Taranyukla müsahibədə təqaüddə olan zabit Ukrayna ordusu və onun əks-hücumları barədə fikirlərini bildirib.
Britaniyalı generalın fikrincə, 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Ukraynanın şimal qonşusunun genişmiqyaslı təcavüzünün qarşısını almaq üçün kifayət qədər silah almaması baxımından Qərb siyasəti uğursuz olub.
"Qərb gecikmələrlə hərbi yardım göstərib", - Berrons deyib.
Bununla belə, 2022-ci ilin fevralından etibarən Qərb Ukrayna ordusu üçün silah və sursat ehtiyatlarından istifadə edərək qətiyyətli və cəld hərəkət etməyə başlayıb.
Lakin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə "artan templə” yardım göstərirlər. Bu, Qərbin nəyin bahasına olursa-olsun, müharibənin genişlənməsinin və Rusiya ilə NATO arasında toqquşmaya çevrilməsinin qarşısını almaq istəyi ilə bağlıdır.
"Raket sistemlərinə və qanadlı raketlərə keçmək üçün nə qədər vaxt lazım olduğu buna sübutdur, - deyə general bildirib. - Və beləliklə, bizdə indi gördüyümüz vəziyyət yaranıb - Ukraynanın rusiyalıların gələcək işğalını dayandırmaq üçün kifayət qədər texnika, döyüş sursatı, hazırlığı və pulu var. Görünür, bu, pik həddə çatıb və Ukrayna qüvvələrinin döyüş meydanında kiçik taktiki qələbələr qazanır”.
Ekspertin proqnozuna görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı əks-hücum əməliyyatında həlledici dönüş nöqtəsinə çatması tamamilə mümkündür.
"Ancaq qışa qədər döyüş meydanında böyük uğur qazansalar belə, bu, Rusiyanı Ukraynadan çıxarılması üçün kifayət etməyəcək. Yəni, indiki imkanlar uduzmamaq üçün kifayətdir, vəziyyəti gərginləşdirməmək üçün kifayətdir, amma qalib gəlmək üçün kifayət deyil”.
Berrons qeyd edir ki, indi Qərbin hərbi yardımının üçüncü mərhələsinin vaxtıdır. Bu, "seçim mərhələsidir”: Qərb Ukraynaya lazım olduğu qədər kömək edəcək - onu silahla, təlimlə, pulla və dəstəklə təmin edəcək, ya yox?
"Məncə, bu, ən azı iki ilin işidir – Ukraynaya Rusiyanı döyüş meydanında məğlub etmək və bütün ərazisini azad etmək imkanı vermək. Bu, çox böyük məsələdir və unutmaq olmaz ki, Rusiya da eyni şeyi, amma tam əksini düşünür. O, yenidən silahlanmaq üçün fasilə verməli və daha da sərt vurmaq üçün geri qayıtmalıdırmı? Beləliklə, bu müharibə indi çox çətin mərhələyə çatıb”.
USQ-nin üstünlükləri və mənfi cəhətləri
"Ukrayna silahlı qüvvələri müdafiədə özlərini fantastik göstərib", - general Berrons deyir. 
"Onlar çoxlarını təəccübləndirdi, hətta Ukraynadakıları da. Lakin müharibənin birinci mərhələsinin uğurları daha çox Rusiya silahlı qüvvələrinin sistemli uğursuzluqlar və səriştəsizliyi ilə bağlı idi, onlar daha çox olsalar da, heç də yaxşı deyildilər. İndi isə biz fərqli mərhələdəyik, Ukrayna artıq döyüş meydanında təşəbbüsə malikdir”. 
Ukrayna ordusu qismən NATO texnologiyası və hazırlığı sayəsində irəliləyir. Amma altı ay əvvəl bu Ukrayna əsgərləri peşəkar hərbçilər deyildilər.
"İndi isə onlardan ən çətin işi – düşmənin yaxşı möhkəmləndirilmiş, yaxşı hazırlanmış və qorunan mövqelərinə hücum etmək tələb olunur. Və onlar bunu yaxşı hazırlanmış, lakin dozalı qüvvələrlə edirlər, halbuki yazda hamımız bu hücum üçün böyük qüvvə təsəvvür edirdik”.
Riçard Berrons hesab edir ki, Silahlı Qüvvələrə "daha çox vaxt, daha çox texnika, daha çox pul, daha çox döyüş sursatı” versən, o zaman onlar rusiyalıları döyüş meydanında məğlub edə bilərlər.
Rusiya ordusunun üstünlükləri və mənfi cəhətləri
Riçard Berrons əmindir ki, müharibənin dəhşətli başlanğıcından sonra Rusiya hərbi rəhbərləri nəticə çıxarıblar.
"Onlar çoxlu resurs xərclədilər, çox sayda gənc əsgər qurban verdilər, amma nəsə öyrəndilər”.
Bunu, birincisi, dərsliklərdə olduğu kimi onların uzunluğu min kilometrdən çox olan cəbhə xətti boyunca müdafiə xətləri qurmalarından görmək olar.
Burada dərin mina sahələri və üç səngər xətti, bəzi ərazilərdə koordinasiya edilmiş əks-hücumlar təşkil edilib. Həmçinin, Rusiya artilleriyası Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli dəqiq zərbələri üçün əvvəlki kimi stasionar hədəf olmamağı öyrənib. Kreml müdafiə sənayesini də səfərbər edib.
"Buna görə də, Rusiya Ukraynanın düşməni kimi dilemma ilə üzləşib: ya dişlərini sıxaraq, ələ keçirilən Ukrayna torpaqlarının mümkün qədər böyük hissəsini əlində saxlayacaq və eyni zamanda gələcək hücum üçün qüvvələri bərpa edəcək və xoşagəlməz, lakin inandırıcı senaridir, - Berrons deyir. – Və ya Rusiyanın döyüşmək iradəsi tükənəcək”.
"Mənim hesablamalarıma görə, Rusiya, yəni Rusiya rəhbərliyi bu müharibəni bitirməyə belə hazır deyil. Məhz bundan irəli gəlir ki, təkcə Ukrayna deyil, Qərb də Ukraynaya dəstəyini davam etdirməlidir”.
Müharibəni bitirmək üçün variantlar
General Berrons Rusiya-Ukrayna müharibəsini bitirmək üçün üç alternativ variant görür. O qeyd edir ki, hansı yolla gediləcəyinə dair qərarı Ukrayna xalqı verəcək.
Birinci variant Ukraynanın mübarizəni davam etdirməkdən imtina etməsidir. Səbəb rusiyalıların bütün işğal olunmuş ərazilərdən çıxarılacağına inamsızlıq ola bilər, ya da bunun üçün çox səy, qurban və pul lazımdır.
"Mənim fikrimcə, bu, sadəcə olaraq, dəhşətli qərar olardı və mən Ukraynanın buna gedəcəyinə inanmıram”.
Digər yol döyüşü indi dayandırmaqdır. Döyüş meydanında qəti qələbə üçün hərbi yolun olmadığını dərk edərək, atəşkəs deyil, müvəqqəti atəşkəs elan etmək.
"Yəni, bu, məğlubiyyətin və ya itkinin qəbul edilməsi deyil, status-kvonun qəbul edilməsi və silahlı münaqişənin dayandırılmasıdır. Təəssüf ki, hər iki tərəf güc toplamaq və yenidən silahlandırmaq üçün yaranmış fasilədən istifadə edəcək və müharibə gələcəkdə daha çox ölüm və dağıntı ilə davam edəcək, digərləri isə qeyri-müəyyənlik içində yaşayacaq”.
Üçüncü yol bir sıra addımlardan ibarətdir ki, bunların da əsası Ukraynadan dəqiq qrafiklərə riayət etməyi tələb etməyi dayandırmaqdır. Yəni ondan Qərb dəstəyini dayandırmaqla hədələyərək döyüş meydanında tez nəticə əldə etməsi tələb edilməməlidir. 
"Güc olmadığı halda qalib gəlməyə çalışmağın dəyəri ondan ibarətdir ki, Ukrayna güclü Rusiya müdafiəsinə hücum etmək cəhdi ilə gücünü tükəndirməklə artıq əldə etdiklərini itirə bilər”, - Berrons bildirir. 
Bu təzyiq aradan qaldırılsa, üçüncü yol "durmaq və düşünmək”dən ibarətdir. Yəni, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində rusiyalılara daim təzyiq göstərməli, hətta qışda belə onların qüvvələrini yavaş-yavaş tükəndirməyə, azaltmağa davam etməlidir.
Bu arada, gələn il və ya ondan sonrakı il döyüş meydanında böyük qələbəyə nail olmaq üçün Qərbin dəstəyi ilə Ukraynanın hərbi gücü inkişaf etdirilməlidir.
"Çünki üstün gücü artırsanız, üstün güc qursanız, qələbə daha sürətli olacaq və itkilər daha az olacaq".
"Bu baş verərkən biz Qara dəniz donanmasına hücum edərək, Rusiya ictimai rəyinə təsir edərək Rusiyanın qətiyyətini və döyüş qabiliyyətini daha da zəiflətməliyik - buna görə də Moskvaya gələcək PUA hücumlarının hərbi olmasa da, böyük simvolik əhəmiyyəti olacaq”.
Bu senarinin özəlliyi ondan ibarətdir ki, o, Ukrayna xalqından uzun və çətin müharibəyə hazır olmağı tələb edir.
Bunun üçün isə Qərbdən sabit dəstək lazımdır.
General Berrons deyir ki, bu, ildə təxminən 100 milyard dollardır və "Qərb iqtisadiyyatları üçün tamamilə uyğundur".
Berrons müharibənin tezliklə bitməyəcəyini proqnozlaşdırır. Bunun üçün heç bir ilkin şərt görmür.
"İndi aydın olan yeganə şey budur ki, bu müharibə bitməkdən çox uzaqdır. Hər iki tərəf daha da güclü mübarizə aparmaq əzmindədir və Qərb Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləməyə söz verib”.
Nizami Bağırov