XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukrayna Rusiyanın ən varlı qadınının biznes imperiyasını neçə çökdürdü?
Dünya13:53 10.08.2026

Ukrayna Rusiyanın ən varlı qadınının biznes imperiyasını neçə çökdürdü?

Rusiyanın ən varlı qadını və ölkənin ən böyük onlayn marketpleysi “Wildberries”in həmtəsisçisi Tatyana Kim biznes tarixinin ən ciddi böhranı ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times yazıb.

Nəşr xatırladır ki, iyulun ortalarından etibarən Ukrayna şirkətin 20-dən çox iri anbar kompleksini məhv edib və ya zədələyib. Nəticədə təkcə binalar deyil, yüz minlərlə pərakəndə satıcıya məxsus milyardlarla dollar dəyərində məhsullar da məhv olub.

Məqalə müəlliflərinin fikrincə, bu hücumlar müharibənin yeni mərhələsinə çevrilib. Məqsəd müharibənin nəticələrini birbaşa Rusiya cəmiyyətinə hiss etdirmək və Vladimir Putinə təzyiqi artırmaqdır.

“Wildberries” niyə hədəf sayılır?

Kiyev “Wildberries”i qanuni hədəf hesab edir. Buna səbəb platforma vasitəsilə Rusiya hərbçilərinin istifadə edə biləcəyi ikili təyinatlı məhsullarla yanaşı, sırf hərbi məqsəd daşıyan və mülki istifadəsi olmayan məhsulların da satılmasıdır.

Tatyana Kim isə bu ittihamları rədd edir. O, iyulun sonunda yayımladığı videomüraciətdə hücumları “terror aktları” adlandırıb və “Wildberries”in məhsul çeşidinin “Amazon” və “Alibaba” kimi platformalarda satılan məhsullardan fərqlənmədiyini bildirib.

“Terrorda nə məntiq, nə sağlam düşüncə, nə də rasional yanaşma var”, deyə Kim qeyd edib.

Şirkətin itkiləri milyardlarla ölçülür

Hücumların təsiri təkcə “Wildberries”lə məhdudlaşmayıb, Rusiyanın istehlak bazarında da özünü göstərib. "The New York Times" “Sberindeks”in araşdırmasına istinadən yazır ki, son həftələrdə rusiyalıların marketpleyslərdə satılan qeyri-ərzaq məhsullarına xərcləri kəskin azalıb.

“Data Insight” konsaltinq şirkətinin hesablamalarına görə, “Wildberries” anbar sahələrinin təxminən üçdə birini və ümumi dəyəri 480 milyard rubl, yaxud təxminən 5,9 milyard dollar olan məhsulları itirib.

“Wildberries” fəaliyyətini yenidən qurmağa çalışır. Tatyana Kim paylama sisteminin desentralizasiyasını və logistikanın sürətlə yenidən təşkil edilməsini açıqlayıb. Şirkət məhsullarını itirən 80 mindən çox kiçik və orta sahibkara ödənişlər edib, həmçinin malların dron hücumlarından məhdud sığortalanması mexanizmini tətbiq edib.

Rusiya hakimiyyəti də satıcılara vergi güzəştləri və ödənişlərin təxirə salınmasını nəzərdə tutan yardım paketi hazırlayır.

Satıcılar “Ozon”a keçir

Bununla yanaşı, “Wildberries” Rusiyanın ikinci ən böyük marketpleysi “Ozon”un rəqabəti ilə də üzləşir. Sektor nümayəndələrinin sözlərinə görə, bəzi satıcılar artıq logistika sistemi daha çox desentralizasiya edilmiş “Ozon”a keçirlər.

Bununla belə, "The New York Times" qeyd edir ki, bir çox regionda “Wildberries” hələ də normal fəaliyyət göstərir.

“Şirkətin logistika və İT infrastrukturu o qədər mürəkkəbdir ki, anbarlarının bir qisminin zədələnməsi və ya məhv edilməsi səbəbindən fəaliyyətini dayandırmaq niyyətində deyil”, deyə nəşr anonim qalmaq istəyən “Wildberries”in keçmiş top-menecerinə istinadən yazır.

Aydın