Xəbər lenti

Ukrayna savaşı və Qərb ölkələrinin maraqları (ŞƏRH)
Dünya10:46 23.11.2023

Ukrayna savaşı və Qərb ölkələrinin maraqları (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar Qərb mətbuatında Ukraynaya Rusiya ilə müharibə aparmaq üçün edilən yardımın dayandırılacağı, cəbhədəki mövcud vəziyyət nəzərə alınmaqla, danışıqlara getməyin vacibliyi barədə fikirlər geniş vüsət alıb. Hətta ABŞ Senatı Kiyevə növbəti maliyyə dəstəyini dayandırmağa çalışır. Bu tendensiya əvvəllər də mövcud olsa da, İsrail - HƏMAS qarşıdurması fonunda daha da genişlənib. 
Görünən odur ki, Qərbdə bir qrup Kiyevin cəbhə xəttində ciddi dönüş yarada bilməməsini əsas gətirərək, prosesin mövcud vəziyyətdən irəli getməyəcəyini düşünür. Hazırkı vəziyyətdə cəbhə xəttində sanki bir balans yaranıb. Tərəflərdən heç biri müharibədə dönüş yarada bilmir. Bu isə müharibənin uzanması demək olacaq ki, belə vəziyyət Qərbi də narahat etməyə başlayıb. Bu əsasda da Kiyevi məcbur edirlər ki, mövcud real vəziyyətlə barışsın. 
Ukrayna rəhbərliyində də bu məsələdə son zamanlar müəyyən fikir ayrılıqları meydana çıxmaqdadır. Ancaq görünən odur ki, ABŞ Prezidenti Bayden adminstrasiyası, eləcə də Avropanın aparıcı ölkələrinin hökumətləri indilikdə müharibənin davam etdirilməsində maraqlıdırlar. Bu isə heç də onların Ukraynaya olan sevgisindən irəli gəlmir, sadəcə Qərbin məqsədi Şərqə doğru irəliləməsində başlıca əngəl olan Rusiyanı zəiflətməkdir. 
Qərb hökumətləri üçün müharibənin dayandırılması hakimiyyətlərinin sonu, öz niyyətlərinin puç olması demək olacaq. Nəzərə alaq ki, müharibə Ukrayna, müəyyən qədər də Rusiyanı çətin vəziyyətə salsa da, Qərb ölkələrinə silah satışını genişləndirməyə imkan verib. Dövlət Departamenti rəsmisi O`Brayan Senat komitəsinin iclasında Rusiya ilə Ukrayna arasında hərbi toqquşmanı ABŞ-ın maraqları baxımından "çox yaxşı anlaşma” kimi dəyərləndirib. O, həmçinin bu konflikti ABŞ üçün mühüm geopolitik məqsədlərə çatmaq yolunda əlverişli fürsət kimi qiymətləndirib. O`Brayan əsas məqsədlərindən birinin Qara dənizdə NATO-nun mövcudluğunu artırmaq olduğunu da deyib. Departament rəsmisi qeyd edib ki, hərbi münaqişədən Qara dəniz regionunda, onun hava məkanı və sularında NATO-nun hərbi mövcudluğunu gücləndirmək istiqamətində istifadə etmək olar. 
Digər tərəfdən, bu günə qədər Vaşinqton Kiyevə 43,9 milyard dollar həcmində hərbi yardım göstərib. ABŞ-ın müttəfiqləri isə əlavə olaraq Kiyevə 33 milyard dollar ayırıblar. Məhz bu yardım Ukraynanın Rusiyaya qarşı müharibəsində əsas kritik rol oynayıb. Yəni, həmin yardım olmasaydı, Ukrayna Rusiyanın qarşısında çoxdan təslim olmuşdu. Buradan göründüyü kimi, deyilənlərin əksinə olaraq, Bayden hökuməti və Avropanın aparıcı dövlətləri hələlik müharibənin davam etdirilməsində maraqlıdırlar. Çünki mövcud situasiyada münaqişənin dayandırılması əslində Qərbin Rusiyanın qarşısında geri çəkilməsi anlamına gələcək ki, bu da Avropa ölkələrində hakimiyyətdə olan dairələrin növbəti seçkiləri uduzması demək olacaq. 
2024-cü ildə ABŞ-da Prezident seçkilərinin olacağını nəzərə alsaq, Bayden üçün indilikdə münaqişənin dayandırılmasına getmək gələcək karyerası baxımından heç də əlverişli görünmür. Bu mənada  son zamanlar Qərb mətbuatında Kiyevi təslim olmağa yönəlik çağırışların artması böyük ehtimalla Moskvadan gələn təlimatlara əsasən ortaya atılıb. 
Kreml bu vasitə ilə Qərb dairələri arasında çaşqınlıq yaratmağa, oradakı müharibə əleyhinə olan qüvvələrin səslərinin genişlənməsinə çalışır. 
Bununla da, mövcud vəziyyətdən istifadə edərək, tutduğu əraziləri "özününküləşdirməyi” rəsmiləşdirmək istəyir. Bir sözlə, hələlik Ukrayna Rusiya müharibəsi sona çatmaqdan çox-çox uzaqdır.  Çünki nə Kiyev, nə də super güc olan ABŞ indilikdə bunda maraqlı deyillər. 
Rüfət Sultan