İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq edən bir sıra ölkələr maraqlıdır ki, bir sıra hallarda öz şirkətləri tərəfindən sanksiyalara zidd olaraq həyata keçirilən addımlara göz yumsunlar. Belə vəziyyət özünü Ukrayna müharibəsində də göstərir. İranın Rusiyaya verdiyi Şahid-136 dronlarından birinin Ukraynada vurulmasından sonra bəlli olub ki, bu silahın 52 komponentindən 40-ı ABŞ şirkətlərində istehsal olunub. Qalan 12-si Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çindən gəlib. Bu araşdırma onu göstərir ki, İranın istehsal etdiyi və Rusiyaya verdiyi dronları faktiki olaraq Qərb buraxır.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ukrayna müharibəsi bitənə qədər dron məsələsində bu sayaq gizlənpaç oyunları davam edəcək:
"Məlum olur ki, sanksiya altında olan İrana dron hazırlamaq üçün lazım olan avadanlıqlar ABŞ, Fransa və digər ölkələrin şirkətlərindən gətirilib. Onlar özəl şirkət olsa da, qanunlara tabe olmalıdır. Bu araşdırma onu göstərir ki, proses ətrafında ikibaşlı oyun gedir. Bir sıra ölkələr sanksiyalara baxmayaraq, öz şirkətlərinin istədikləri kimi hərəkət etmələrinə göz yumurlar. Bu isə Kiyevin ciddi narazılığına səbəb olub”.
Ekspert bu qənaətdədir ki, Kiyevin narazılığına baxmayaraq, sözügedən məsələ öz həllini tapmayacaq və proses olduğu şəkildə davam edəcək:
"Son 11 ayda belə hərəkətlərin qarşısının alındığının şahidi olmadıq. Bundan sonra da ona qarşı hansısa addımın atılacağını gözləmirəm. Son 3-4 ayda dron məsələsi aktivləşsə də, Qərbin onun qarşısını almaq üçün hər hansı bir əməli addım atdığını görmədik. Həmin dronlar yenə də istehsal olunur və Rusiyaya verilir. Düzdür, antidronlar da çoxalıb. Ukrayna bir sıra ölkələrdən antidronlar əldə edib, lakin Rusiyaya yenə də silahlar verilir”.
Rüfət Sultan