"ABŞ Rusiya dərinliklərindəki hərbi obyektlərə zərbə vurulmasına razılıq veribsə, bu addım müharibənin taleyini dəyişəcək və tezliklə sülhün bərqərar olmasını təmin edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Co Baydenin Ukraynaya ABŞ istehsalı olan silahlarla Rusiyanın dərinliklərindəki hərbi hədəflərə zərbə endirməyə icazə verməsi barədə məlumatı şərh edərkən deyib.
"Bu məsələyə prezident Zelenskinin müharibənin bitməsilə bağlı sülh təşəbbüsü kontekstində yanaşmaq lazımdır. Zelenskinin sülh təklifi əslində müttəfiqlərinin ciddi təhcizat yardımı müqabilində Rusiyaya vurulacaq sarsıdıcı zərbələri özündə ehtiva edir. Bu zərbələr də Qərb silahları ilə Rusiya dərinliklərindəki hərbi-strateji obyektlərin vurulması ilə mümkün ola bilər", deyə Natiq Miri bildirib.
Ekspert qeyd edib ki, bunlar olmadan Ukraynanın uğur əldə etməsi mümkün deyil:
"İndiki vəziyyətdə Rusiyanın bütün loqistik təchizat yolları, dərinliklərdəki silah anbarları, aerodromlar, strateji balistik raketlərin olduğu mənbələrin vurulması üçün həm icazə, həm də bu cür strateji silahların əldə edilməsinə ehtiyac var".
Politoloqun fikrincə, ABŞ və Qərb ölkələrinin sözügedən razılığı əlbəttə ki, vəziyyəti Kiyevin xeyrinə dəyişəcək:
"Zelenskinin də əsas məqsədi qısa müddətdə Rusiyanı təchizat baxımından tamamilə sıfır vəziyyətinə gətirməkdir. Bu da öz növbəsində Rusiyanı əhəmiyyətli şəkildə zəiflədəcək. Belə olanda Rusiya Ukraynanın ərazi bütövlüyünün qorunması şərtilə sülh danışıqlarına razı ola bilər. İndiki Rusiya isə həmin Rusiya deyil. Ona görə də Rusiya ciddi zərbələr almalı və bütün gücü məhv edilməlidir ki, Moskva beynəlxalq hüquq çərçivəsində sülh danışıqlarına razı olsun. ABŞ Rusiya dərinliklərindəki hərbi obyektlərə zərbə vurulmasına verdiyi razılıq müharibənin taleyini dəyişəcək".
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden öz məsləhətçiləri və müttəfiqlərinin təzyiqi altında Ukraynaya Amerika istehsalı olan silahlarla Rusiyanın dərinliklərindəki hərbi hədəflərinə zərbələr endirməyə icazə verib. "The New York Times" (NYT) qəzetinin mənbələrinin məlumatına görə, ilk hücumlar yaxın saatlarda və ya günlərdə başlaya bilər. Amerikalı rəsmilər bildiriblər ki, Pentaqonun rəhbəri Lloyd Ostin artıq bu hücumlara razılığını bildirib. Qəzet qeyd edir ki, ABŞ-ın silahlarla bağlı siyasətini yenidən nəzərdən keçirmək qərarı ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri ilə əlaqədardır.
Rüfət Sultan
Şərhlər