"Rusiya ərazisinin atəşə tutulmasına cavab olaraq Ukrayna şəhərləri yer üzündən silinməlidir, lakin hələlik cavab zəifdir".
Qaynarinfo xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında yerləşdirdiyi 13 dəqiqəlik səsli mesajında bildirib.
"Mən bundan çox narazıyam. Biz belə cavab veririk, məncə, zəif cavab veririk. Əgər bizim tərəfimizə, bölgəmizə mərmi uçdusa, şəhərləri yerlə-yeksan etməliyik ki, uzaq üfüq görünsün”, deyə Kadırov bildirib.
Kadırovun fikrincə, Rusiya hakimiyyəti "xüsusi əməliyyat” keçirmək barədə danışmağı dayandırmalı və müharibənin getdiyini etiraf etməlidir: "Əvvəllər demişdik ki, biz Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçiririk, lakin artıq müharibədir - artıq bizim ərazimizdə müharibə gedir".
Ukrayna şəhərləri yer üzündən silinməlidir - Kadırovdan yeni terror çağırışı
Çeçenistan rəhbəri həmçinin hesab edir ki, Qərbin Rusiyaya qarşı cavab variantları tükətib: "Bundan artığı, daha pisi olmayacaq. Avropanın gücü yoxdur”.
Yazının sonunda o, Çeçenistanda "qismən” səfərbərlik keçirməkdən imtina etməsinə baxmayaraq, Ukraynada daha çox çeçenin döyüşməli olduğunu bildirib. "Mən təəccüblənirəm, hətta orada o qədər könüllü çeçenlər döyüşür, amma yenə də bu kifayət deyil! Bir milyon altı yüz minə yaxınıq. Bunlardan ən azı 300 mini, 400 mini...”, deyə Kadırov sözlərini yekunlaşdırıb.
Kadırov oktyabrın 8-də Rusiya Federasiyasının Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı, general Sergey Surovikinin təyinatından sonra ilk dəfə olaraq müharibənin gedişatını tənqid edib. "Mən bu təyinatı alqışlayıram və məmnunam. Birləşmiş Qoşun Qrupu hazırda etibarlı əllərdədir. Əminəm ki, Sergey Surovikin xüsusi hərbi əməliyyat zonasındakı vəziyyəti yaxşılığa doğru yaxşılaşdıracaq. Biz əlbəttə ki, ona tapşırıqlarının həllində kömək edəcəyik”, deyə Kadırov "Telegram" kanalında yazıb.
Oktyabrın 10-da Rusiya yeni taktikaya keçərək Ukraynanın enerji infrastrukturuna kütləvi raket zərbələri endirəndə Kadırov indi "xüsusi hərbi əməliyyat”dan "100 faiz razı” olduğunu yazıb: "Biz sənə xəbərdarlıq etmişdik, Zelenski. Rusiya hələ doğru-dürüst başlamayıb, ona görə də ucuz adamlar kimi şikayət etməyi dayandır, amma daha yaxşısı, başına yağdırılana qədər qaç. Qaç, Zelenski, geriyə baxmadan Qərbə tərəf qaç”.
Bununla belə, oktyabrın 18-də Surovikin ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək "Ukrayna rejimi bizim müdafiəmizi yarmağa çalışır” deyib. "Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyəti gərgin adlandırmaq olar" deyən Surovikin "çətin qərarlar qəbul etmək imkanını" istisna etməyib.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya silah ehtiyatı tükəndiyi üçün Ukraynanın arxa cəbhəsinə raket və dron zərbələrinin sürətini kəskin şəkildə aşağı salıb. Əvəzində Moskva Ukraynanı "çirkli bomba” partlayışı hazırlamaqda ittiham edərək informasiya əməliyyatına başlayıb. Bununla belə, ekspertlər hesab edirlər ki, Rusiyanın "yalançı bayraq” altında belə bir bomba partlatması yaxın gələcəkdə mümkün deyil.
Nizami Bağırov