Almanların əksəriyyəti kansler Olaf Şolzun hələlik Ukraynaya uzaqmənzilli "Taurus” raketlərini ötürməmək qərarını dəstəkləyir.
dpa-nın sifarişi ilə YouGov İnstitutu tərəfindən aparılan sorğunun nəticələrinə görə, respondentlərin 55%-i Şolzun mövqeyi ilə razılaşır, 26%-i isə bunu yanlış hesab edir.
Bildiyiniz kimi, oktyabrın əvvəlində Şolz demişdi ki, Almaniya müharibənin "eskalasiyasının” qarşısını almağa çalışdığı üçün Ukraynanı "Taurus” uzaqmənzilli raketləri ilə təmin etmək barədə hələ qərar qəbul etməyib.
Şolzun mövqeyi müxalif XDİ, həm də onun koalisiya tərəfdaşları - Yaşıllar və Azad Demokratların ayrı-ayrı nümayəndələri tərəfindən tənqid olunur.
Bununla belə, bütün bu partiyaların seçiciləri arasında Şolzun raketlərin hələlik ötürülməməsi ilə bağlı mövqeyinə dəstək üstünlük təşkil edir. Azad Demokratları dəstəkləyən respondentlər arasında 57% bu fikirdədir, XDİ 53%, Yaşıllar 40% (və 34% əks fikirdədir). Şolzun SPD partiyasının seçiciləri arasında onun mövqeyini respondentlərin 59 faizi, sağçı populist Almaniya üçün Alternativ partiyasının seçiciləri 79 faiz, Solçular isə 49 faiz dəstəkləyir.
Ümumilikdə Almaniyanın Ukraynaya hərbi yardımı ilə bağlı fikirlər bölünür: 39% Almaniyanın "həddindən artıq irəli getdiyini", 29% - yardımın səviyyəsinin olması lazım olduğu kimi olduğunu, 18% - qeyri-kafi olduğunu düşünür.
Yada salaq ki, Ramşteyn formatının son iclasında Pentaqon rəhbəri Almaniyanı Ukraynaya ən böyük donorlar sırasında göstərmişdi; iqtisadiyyatın böyüklüyünü nəzərə alsaq, onun töhfəsi ABŞ-dan daha çoxdur.
Keçən həftənin sonunda Berlin Ukraynaya göndərilən yardımın növbəti partiyası haqqında məlumat verib.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi Kiyevə təxminən 1 milyard avroluq hərbi yardımın "qış paketi”ni açıqlamışdı. Bunlar hava hücumundan müdafiə sistemləri, xüsusən daha əvvəl bildirilmiş əlavə "Patriot” və IRIS-T sistemləridir.
Alpər