Rusiyanın "İzvestiya” nəşri iddia edir ki, Ukrayna, Rusiya və Türkiyə Odessadan taxıl yüklü ukrayna gəmilərinin çıxarılması ilə bağlı ilkin sxemi razılaşdırıblar.
Məlumata görə, Ukraynanın ərazi sularında minatəmizləmə ilə Türkiyə hərbçiləri məşğul olacaq.
Bununla yanaşı, türkiyəli hərbçilər gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Burada onları Rusiya gəmiləri qarşılayaraq İstanbul boğazına qədər ötürəcək. Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb.
Bildirilib ki, "yol xəritəsi” iyunun 8-9-u təsdiq ediləcək.
Bloomberg agentliyi isə yazır ki, məsələ ilə bağlı Türkiyə ilə Rusiya ilkin razılaşmaya gəlsə də, Kiyev təklifə şübhə ilə yanaşır. Ukrayna Odessa limanı ətrafının minalardan təmizlənməsinin şəhəri Rusiyanın hücumuna açıq qoya biləcəyindən ehtiyat edir. Türkiyə isə ümid edir ki, sazişin BMT tərəfindən təsdiqlənməsi Kiyevi məsələ ətrafında yumşalmağa sövq edə bilər.
Bloomberg-in məlumatına görə, Rusiya həmçinin Ukraynaya istiqamət götürən gəmilərin yoxlanılmasını tələb edir. Kiyev isə buna da razı deyil.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayev Rusiyanın tutduğu mövqe səbəbindən təklifin reallaşmayacağı qənaətindədir:
"Rusiya bu məsələdə də ənənəvi siyasətindən çıxış edir. Bundan əvvəl də Kreml minalardan təmizlənməklə bağlı Kiyevə təzyiq edirdi. Amma həmin vaxt fərqli motivdən çıxış edirdi. Məsələn, Rusiya İstanbul vadisində, habelə Rumıniya sahilindən tapılan minaları potensial təhdid hesab edib. Bu fonda region ölkələri üzəridən ərazinin minalardan təmizlənməsi üçün Kiyevə təzyiq etməyə çalışırdı. Ukrayna taxılının Qara dənizdən daşınması fonunda Moskvanın verdiyi təklifin mahiyyəti də prinsip etibarı ilə bundan ibarətdir. Belədə, Kreml bununla guya konstruktiv yanaşma sərgilədiyini ortaya qoymaq istəyir”.
Həmsöhbətimiz düşünür ki, Kiyev Qara dəniz limanlarından taxılın daşınması məsələsinə şübhəli yanaşmaqda haqlıdır:
"Rusiya tərəfi bu fonda hiyləgər gediş etmək istəyir. Moskva beynəlxalq hüququ tanımadığını dəfələrlə nümayiş etdirib. Odessa limanı indiki halda heç bir halda minalardan təmizlənməməlidir. Rusiya quruda irəliləyə bilmir. Bu mənada onun üçün indiki halda ən yaxşı variant dənizdən desant hücumlarıdır. Minaların təmizlənməsilə Rusiya donanması dərhal hücuma keçəcək və Odessa ətrafı əraziləri də işğal etməyə çalışacaq. Türkiyə zəmanət versə, bəlkə Kiyev buna gedəcək. Amma Rusiyanın Türkiyənin çiyni üzərindən Odessanı da işğal etməyəcəyinə zəmanət vermək olmur. Ruslar bu ərazini tutsa, Ukraynanın Qara dənizlə əlaqəsi tamamilə kəsiləcək”.
Rüfət Sultan