"Bir neçə ölkə Ukraynanın təhlükəsizliyinin zəmanətçisi olmağa şifahi razılıq verib. Bu, onların hər birinin üzərinə böyük məsuliyyət qoyacaq".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak
deyib.
"Zəmanətçi ölkələrə gəlincə, bu sual çox vacibdir. Çünki söhbət ölkələrin məsuliyyəti öz üzərinə götürmək istəməsindən gedir. Bu ölkələrin liderlərinin məsuliyyəti öz üzərinə götürmək istəyib-istəməməsi vacibdir. Məsələ təkcə bizim imzalayacağımız bir müqavilə deyil", deyə Mixail Podolyak bildirib.
Mixail Podolyak
Onun sözlərinə görə, Volodimir Zelenskinin təklif etdiyi düstura əsasən, konkret potensial qarant ölkə Ukraynanın təhlükəsizliyinə görə məsuliyyət daşıyacaq:
"Bu, çox vacibdir. Məsələ dövlətlərarası münasibətlərin fərqli strukturuna danışır. Biz başa düşürük ki, bunu etmək istəyən ölkələr arasında Böyük Britaniya var. İtaliya da var, onlar da məsuliyyətdən danışmağa hazır olduqlarını bildiriblər. Hətta siyahıda Almaniya da var. Onlar da məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını da deyib. Həmçinin Polşa da buna hazırdır".
Podolyak həmçinin qeyd edib ki, sazişə təkcə Ukrayna və Rusiya deyil, daha 5-7 ölkə daxil olacaq:
"Biz başa düşürük ki, Rusiya daim öz mövqeyini dəyişir. Ona görə də istəyirik ki, bu saziş bir çox ölkəni əhatə etsin. Və bu gün müzakirə alt işçi qruplarında gedir, zəmanətin necə həyata keçirilməli olduğu müzakirə olunur".
Təhlükəsizlik zəmanəti: Kimlər olacaq?
Martın 29-da Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub. Ukrayna təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edib.
Rusiya Federasiyası ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri David Araxamiya bildirib ki, rəsmi Kiyev zəmanətçilər sırasında BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri - Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, eləcə də Türkiyəni görür. Almaniya, Kanada, İtaliya, Polşa və İsrail da bu sırada ola bilər.
Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin hüquq qrupunun rəhbəri, diplomat Aleksandr Çalıy bildirib ki, Ukrayna müharibəni dayandırmaq üçün diplomatik formata çevrilməli olan təhlükəsizlik zəmanəti sazişi imzalamağa çalışır. Onun sözlərinə görə, Ukrayna hərbi-siyasi ittifaqlara girmədən neytral statusu və qeyri-nüvə dövləti statusunu daimi saxlamağa hazırdır.
Çalıyın sözlərinə görə, təhlükəsizlik zəmanəti sazişində Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalına etiraz olmayacaq.
Bundan əvvəl Türkiyənin Ukrayna üçün təhlükəsizlik qarantı olmağa hazır olduğu açıqlanmışdı. İtaliyanın xarici işlər naziri Luici Di Mayo ölkəsinin Ukraynanın neytral statusunun təminatçılarından biri olmağa hazır olduğunu elan edib.
Aprelin 6-da Prezident Volodimir Zelenski "Habertürk” telekanalına müsahibəsində 7 ölkənin Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazır olduğunu açıqlayıb: "ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır".
Aprelin 7-nə olan məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba potensial təhlükəsizlik təminatçısı ola biləcək ölkələrin bu məsələ ilə bağlı fikirlərini hələlik təqdim etmədiyini bildirib.
ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Aydın