Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Köln və Praqada Ukraynaya qarşı yönəlmiş rusiyayönlü mitinqləri pisləyir.
Qaynarinfo bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenkonun Facebook sosial şəbəkəsinə istinadla məlumat
verir.
"Ukrayna tərəfi bazar günü rusiyayönlü mitinqlərə qarşı çıxan Köln və Praqa əhalisinə minnətdardır”, - Nikolenko bildirib.
O xatırladıb ki, "etirazçılar” Ukraynaya dəstəyi dayandırmağı və Rusiya Federasiyasına qarşı sanksiyaları ləğv etməyi tələb ediblər.
"Dövlətimizin ərazi bütövlüyünü şübhə altına alan çağırışlar olub, Donbasdakı qanunsuz silahlı birləşmələrə dəstək üçün ianə toplanması elan edilib”, - deyə spiker bildirib.
Nikolenkonun sözlərinə görə, Avropanın mərkəzində işğalçı dövlətin üçrəngi altında belə "şənbələrin” keçirilməsi qəbuledilməzdir.
"Bu tədbirlərin Almaniya və Çexiyada söz azadlığı və real əhval-ruhiyyə ilə heç bir əlaqəsi yoxdur. Biz rusiyayönlü aksiyaların iştirakçılarının Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırmaq və həyatları bahasına Avropanın azadlığını müdafiə edən ukraynalıların şərəf və ləyaqətini alçaltmaq cəhdlərini pisləyirik”, - Nikolenko vurğulayıb.
O əlavə edib ki, Ukraynada almanların və çexlərin mütləq əksəriyyətinin yüz minlərlə insanı müvəqqəti sığınacaqla təmin edən ukraynalılarla həmrəyliyinə, həmçinin Ukraynanı və onların hökumətlərinin Rusiya təcavüzünə qarşı mübarizə siyasətini dəstəkləməsinə şübhə yoxdur.
"Bazar günü baş verən aksiyalar Ukrayna ilə Almaniya, eləcə də dəstəyini yüksək qiymətləndirdiyimiz Çexiya arasında dostluğu sarsıda bilməyəcək", - spiker əmindir.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, sentyabrın 4-də Almaniyanın Köln şəhərində mitinq keçirilib və mitinqdə 2000-ə yaxın rusiyalı Ukrayna əleyhinə fikirlər səsləndirib. Praqada isə müxtəlif hesablamalara görə, 50-70 min insan Rusiya Federasiyasına qarşı sanksiyalara və Ukraynaya silah tədarükünə qarşı mitinqə çıxıb.
Alpər