Dünya 18:26 29.04.2022

Ukraynada dəfn edilən “SSRİ planı”...

Belarusun BELTA agentliyinin məlumatına görə, bu ölkənin prezidenti Aleksandr Lukaşenko keçmiş sovet respublikalarının İttifaq Dövlətinə qoşulacağını proqnozlaşdırıb. Rusiyanın Voronej vilayətinə səfəri çərçivəsində Belarus prezidenti əminliklə söyləyib ki, Sovet İttifaqının digər respublikaları da Belarusla Rusiyanın yaratmaq istədikləri vahid ittifaq dövlətinə qoşulacaqlar: "Suveren, müstəqil dövlətlər – Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid İttifaq Dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bura qoşulacaqlar. Türkmənistan, Özbəkistan və Tacikistan, məncə, iqtisadi zərurətlərinə görə bura qoşulacaq. Ermənistanın isə gedəcək yeri yoxdur”.

Belarus lideri Türkiyə ilə hərbi müttəfiqlik anlaşması imzalayan Azərbaycanın isə bu prosesdən kənarda qalacağını deyib. Bu ilin əvvəlində isə Lukaşenko Ukrayna və Qazaxıstanın 15 il ərzində İttifaq Dövlətinə qoşulacağını iddia etmişdi. Qeyd edək ki, son zamanlar Rusiyanın Qazaxıstan, ardınca Ukraynada atdığı addımlar fonunda yeni ittifaq dövlətinin yaradılacağı barədə fikirlər geniş vüsət alıb. Aydın məsələdir ki, Kreml bunda maraqlıdır. Rusiya yenidən ən azından keçmiş sovet məkanında möhkəmlənmək istəyir. Bu səbəbdən də Lukaşenkonu danışdıran da məhz Kremldir. Moskva onun dililə keçmiş SSRİ məkanında yaranan müstəqil dövlətlərə çatdırmaq istəyir ki, Ukraynanın ardınca digər qonşu ölkələrə münasibətdə də anoloji addımlar ata bilər. Bunun baş verməsini istəmirlərsə, onlar yenidən ittifaq dövlətində birləşməlidirlər. Belarus prezidentinin proqnozuna gəldikdə, hər şey Rusiyanın Ukraynada əldə edəcəyi nəticələrdən asılı olacaq.
 
Moskva Ukraynaya qarşı apardığı müharibədə ciddi uğurlara imza atsa, ukraynalıları ram edə bilsə, sözsüz ki, keçmiş SSRİ respublikaları da çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalacaqlar. Belə ki, Ukraynada uğur qazansa, birmənalı olaraq Rusiyanın iştahası daha da artacaq. Bu əsasda  da Kreml daha da azğınlaşaraq, daha aqressiv şəkildə ittifaq dövlətinin yaradılması ideyasını gerçəkləşdirməyə keçə bilər. Ancaq görünən odur ki, Rusiya Ukraynada məqsədinə nail ola bilmir. Onun Kiyevi ram etməsi artıq mümkünsüz görünür. Hətta müharibənin uzanması Rusiyaya baha başa gələ bilər. Belə olan halda isə, Rusiyanın keçmiş SSRİ respublikalarını ittifaq dövlətində birləşdirmək xülyası da avtomatik olaraq puça çıxacaq. Hətta MDB, KTMT kimi təşkilatlarda da laxlamalar, parçalanmalar baş verəcək. Belarus lideri sadəcə bir məqamda haqlıdır. Türkiyə ilə hərbi müttəfiqlik anlaşması imzalayan  Azərbaycan bütün hallarda proqnozlaşdırılan ittifaq dövləti prosesindən kənarda qalacaq. 

Rüfət Sultan