Ukraynada dəniz dronları donanması yaradılacaq.
Qaynarinfo xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski məlumat
verib.
Onun sözlərinə görə, gələn həftədən bunun üçün ianələrin toplanmasına başlanılacaq.
"Hesab edirəm ki, hamı bunun nə olduğunu və nə üçün olduğunu başa düşür. Əminəm ki, milyonlarla insan müdafiəmizdə bu istiqaməti dəstəkləyəcək. Artıq hər kəs bunun necə işlədiyini görüb”, deyə Zelenski bildirib.
O əlavə edib ki, dəniz pilotsuz təyyarələri Qara dənizdəki akvatoriyanı qoruyacaq.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri oktyabrın 29-da Sevastopol körfəzinə hücumda dəniz dronlarından istifadə edib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə zərbələr endirmək üçün yeddi belə drondan istifadə edib və hücumu "Britaniya Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri” koordinasiya edib. Hücum nəticəsində minaaxtaran "İvan Qolubets” gəmisinə ziyan dəyib.
Eyni zamanda, hərbi ekspertlər dəniz pilotsuz aparatlarından yayımlanan videoya istinad edərək, "Admiral Qriqoroviç” sinfinə aid freqatın zədələnə biləcəyini iddia ediblər. Bu gəmilərdən biri olan "Admiral Makarov” batmış "Moskva"nın əvəzinə Qara dəniz donanmasının yeni flaqmanı olmalı idi.
Nizami Bağırov