Tibb və ya əczaçılıq təhsili olan ukraynalı qadınlar oktyabrın 1-dən hərbi qeydiyyatdan keçməlidirlər. Beləliklə, onlar xaricə səfərləri məhdudlaşdırılan hərbi qulluqçu statusu əldə edəcəklər.
Qaynarinfo RBC-Ukrayna-ya istinadla
xəbər verir ki, bu barədə parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü, prezidentin Ali Radadakı nümayəndəsi Fyodor Venislavski bildirib.
O xatırladıb ki, ötən il Rada Tibb və ya əczaçılıq təhsili olan qadınların məcburi hərbi qeydiyyata alınmasını nəzərdə tutan "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna dəyişiklik edib.
Bununla bağlı Müdafiə Nazirliyinin əmrinə əsasən, oktyabrın 1-dən qeyd olunan peşələrə malik ukraynalı qadınların qeydiyyata alınması nəzərdə tutulur.
"Qeydiyyata düşsələr, hərbi xidmət keçməli olan şəxs statusu əldə edirlər. Hərbi xidmətə cəlb olunan şəxslər isə onlar üçün müəyyən edilmiş qaydada xaricə gedirlər. Yəni, müvəqqəti getmək hüququ verən ayrıca sənədlər olarsa, onda onlar gedə biləcəklər. Əgər yoxsa - o zaman onların da kişilər kimi xaricə getmək hüquqları məhdudlaşdırılacaq”, - Venislavski təfərrüatları izah edib.
O əlavə edib ki, oktyabrın 1-dən hərbi işlərlə bağlı hərbi ixtisası olan bütün qadınlar da könüllü qeydiyyatdan keçə bilərlər.
"Qadınlar üçün qeydiyyatdan keçməli olan ixtisasların siyahısını genişləndirmək hələ planlaşdırılmır", - Venislavski bildirib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Rada qadınlar arasında könüllü hərbi qeydiyyat haqqında qanun qəbul edib. Tibbi fəaliyyətlə bağlı peşəsi olan qadınlar isə qeydiyyatdan keçməlidirlər.
Bu gün Ukrayna Silahlı Qüvvələri açıqlayıb ki, oktyabrın 1-dən müəyyən peşələr üzrə qadınların hərbi qeydiyyatı səfərbərlik resursunu yoxlamaq üçün lazımdır və indi onları heç kim cəbhəyə göndərməyəcək.
Alpər