"Real şərtlər onu deməyə əsas verir ki, Rusiya geri çəkilməyəcək. Bu məsələ artıq Putinin şəxsi məsələsinə çevrilib və o, geri addım atmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Ukrayna prezidenti Volodimir Zelenskinin "BBC News"a müsahibəsində Rusiyanın Ukraynada yeni hücumunun başlaması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, ikinci mərhələ daha genişmiqyaslı müharibə kimi yadda qalacaq:
"Rusların İrandan aldıqları çoxsaylı dron tədarükü ondan xəbər verirdi ki, Kreml genişmiqyaslı hücuma hazırlaşır. Artıq Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olmaq üzrədir. Bu fonda Moskvanın yenidən genişmiqyaslı hücuma keçməsini müharibənin ikinci mərhələsinin başlanması kimi qiymətləndirə bilərik. Məsələ ondadır ki, Moskva müharibənin ilk mərhələsində üzləşdiyi zəifliklərini hazırda kompensasiya edib. Bu baxımdan rusların genişmiqyaslı hücumu mümkündür.
İkinci mərhələ daha genişmiqyaslı müharibə kimi yadda qalacaq. Belə ki, bu hücumlar Kiyevin yeni ərazilər itirməsinə gətirib çıxara bilər. Qərbin təzyiqlərinin Rusiyaya elə bir təsiri olmayıb. Rusiya Qərbin Ukraynaya verdiyi bahalı silahları məhv edəcəyi təqdirdə, artıq Avropanın Kiyevə yardım etməsi də sual altında olacaq. Qərb bu fonda yeni silahlar göndərməkdən yayına və bu məsələdə daha ehtiyatlı yanaşmağa məcbur ola bilər. Bu mənada Zelenski narahat olmaqda haqlıdır. Çünki müharibənin ilk mərhələsində Ukraynanın sezilən üstünlüyü artıq əldən çıxır”.
Rüfət Sultan