Xəbər lenti

Ukraynada müharibə "nəzarətdən çıxır" - Çin hərəkətə keçdi
Dünya08:17 21.02.2023

Ukraynada müharibə "nəzarətdən çıxır" - Çin hərəkətə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Ukraynadakı müharibənin "nəzarətdən çıxmasından” "dərin narahatdır”.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Pekində Lanting təhlükəsizlik konfransının açılışında çıxış edən Çinin xarici işlər naziri Qin Qang bildirib.
"Çin münaqişənin davam edən eskalasiyası və vəziyyətin nəzarətdən çıxması ehtimalından dərin narahatdır. Biz aidiyyatı ölkələri Çini günahlandıraraq, "bu gün Ukrayna, sabah Tayvan" ritorikasını qızışdıraraq, yanğını alovlandırmağı dərhal dayandırmağa çağırırıq", - çinli diplomat bildirib.
Qeyd olunur ki, Qin Qanqın bəyanatı bu həftə Çinin baş diplomatı Vanq Yinin Moskvaya səfəri fonunda verilib.
Qeyd edək ki, Çin dəfələrlə Rusiyanı Ukraynaya təcavüzünə görə qınamaqdan imtina edib və bunu "müharibə” adlandırmaqdan çəkinib. Çin davamlı olaraq münaqişənin günahını NATO və ABŞ-ın üzərinə qoyur. Pekin Ukraynaya müdaxilədə Rusiyaya yardım etdiyini də inkar edir.
Bundan əvvəl Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Vanq Yi bəyan etmişdi ki, Pekin Ukraynada atəşkəs və davamlı sülhə nail olmaq üçün digər ölkələrlə işləməyə hazırdır.
Münhen Təhlükəsizlik Konfransında Vanq Yi bildirib ki, Pekin Ukrayna və Rusiya üçün öz sülh təkliflərini təqdim etməyə hazırdır. Çin deyir ki, müharibə dayandırılmalıdır. Van Yi əlavə edib ki, Çinin təklifi bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğunu nəzərə alır.
Bu arada CNN Çinin ikili oyun oynadığını iddia edib. Pekin açıq şəkildə sülhü müdafiə edir, lakin Çinin Rusiyaya gizli şəkildə öldürücü silahlar verməyə hazırlaşdığına dair "həyəcan” siqnalları var.
ABŞ dövlət katibi Entoni Blinken Ukraynada istifadə üçün öldürücü silahların Rusiyaya təhvil veriləcəyi təqdirdə Çinə ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Çin Rusiyaya ölümcül hərbi yardım göstərmək qərarına gəlsə, "qırmızı xətti” keçəcək. O qeyd edib ki, Vaşinqton Pekinin sülh istəyi ilə bağlı bəyanatını alqışlayır, lakin daimi nümayəndə Rusiyanın Ukraynaya müdaxiləsinə dəstəyi qəbuledilməz adlandırıb.
Avropa diplomatiyasının rəhbəri Xosep Borrell də bazar ertəsi bildirib ki, Çin Rusiyaya silah ötürsə, bu, "qırmızı xətt”i keçmək hesab ediləcək.
Alpər