Xəbər lenti

Ukraynadakı müharibə Rusiyanın nüvə silahına münasibətini dəyişib - İİSS
Dünya10:12 23.01.2024

Ukraynadakı müharibə Rusiyanın nüvə silahına münasibətini dəyişib - İİSS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı müharibə Rusiyanın adi silahlara olan inamını sarsıdıb və qeyri-strateji nüvə silahlarının (NSNW) əhəmiyyətini artırıb. 
Qaynarinfo xəbər verir ki, bu nəticə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) yanvarın 22-də dərc olunmuş hesabatında yer alıb.
Hesabatın müəllifi, IISS-in Strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke hesab edir ki, Moskva qeyri-strateji nüvə silahlarına "gələcək potensial münaqişədə NATO-nun qarşısını almaq və məğlub etmək üçün daha effektiv vasitə” kimi baxmağa başlayıb.
Alberkenin sözlərinə görə, Rusiya taktiki nüvə silahını həm silahlı münaqişələrdə eskalasiyanın qarşısının alınması və məhdudlaşdırılması vasitəsi, həm də istənilən hərbi qarşıdurmada qələbəyə nail olmaq yolu hesab edə bilər.
Hesabatda deyilir ki, Rusiya bu cür silahlardan istifadə etməyə cəsarət edə bilər. Belə ki, Moskva hesab edir ki, Qərb nüvə silahı ilə cavab vermək əzmində deyil. Bu cür silahlardan istifadənin məntiqi ya Birləşmiş Ştatlar və NATO-nun münaqişəyə girməsinin qarşısını almaq, ya da onları Rusiya şərtləri ilə müharibəni dayandırmağa məcbur etmək məqsədilə münaqişənin idarə olunan eskalasiyası olacaq.
Hesabat müəllifi hesab edir ki, Rusiya hakimiyyəti ABŞ-ın taktiki nüvə silahı arsenalını ciddi təhlükə hesab etmir. IISS-in nəticələrinə görə, Moskva ABŞ-ın Avropada artan nüvə iştirakına vaxtında cavab verə biləcəyinə əmindir.
Alberke "Reuters" agentliyinə bildirib ki, Moskvanın nüvə silahının rolu haqqında yenidən düşünməsinə səbəb Rusiya ordusunun Ukraynadakı müharibədə adi silahlarla qalib gələ bilməməsi olub.
Ekspert deyir ki, Rusiyanın qeyri-nüvə silahlarından istənilən istifadəsi Moskvadan eskalasiya dövrünü başlatmaqdansa, düşmənlərini geri çəkilməyə məcbur etmək üçün məqbul zərbəni hesablamağı tələb edəcək. Əvvəllər Pentaqon və NATO-da işləmiş Alberkenin sözlərinə görə, belə bir ssenariyə necə cavab vermək sualı "ABŞ planlaşdırıcılarını yatmağa qoymur".
Eyni zamanda o, əmindir ki, Qərb kəşfiyyatı Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadəyə hazırlığını əvvəlcədən öyrənə biləcək. Bunu silahların anbarlardan hava bazalarına daşıması və ola bilsin ki, potensial nüvə zərbəsi zonasının yaxınlığında adi zərbələrin endirilməsi sübut edəcək. Alberke bildirir ki, bu zaman Vladimir Putin də nüvə sığınacağına keçməli və ABŞ-dan nüvə cavabı alacağı ehtimalına görə Rusiyanın bütün nüvə komandanlıq sistemini yüksək hazırlıq vəziyyətinə gətirməlidir.
Nizami Bağırov