Ukraynanın müttəfiqləri Qərbin Kiyevə dəstəyinin 2024-cü ildə ABŞ-da prezident seçkilərinin keçiriləcəyi zaman əhəmiyyətli dərəcədə zəifləyə biləcəyini ehtimal edirlər. Bu baxımdan, Ukraynanın yaxın beş ay ərzində cəbhədəki vəziyyəti kökündən dəyişmək üçün son şansı var.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” (FT) qəzeti öz mənbələrinə istinadən
yazır.
"Ukraynanın müttəfiqləri onun Rusiyaya qarşı mübarizəsinə hərbi dəstəyin pik həddə çatmasından qorxurlar və yüksək səviyyəli Avropa rəsmiləri ABŞ-ın gərgin prezidentlik kampaniyasına girdiyi bir vaxtda gələn il Kiyevə yardımın həcmindən narahatdır”, - materialda deyilir.
Nəşr qeyd edir ki, Qərbin əvvəlcədən təsdiq edilmiş yardım paketləri Kiyevi növbəti beş ay ərzində ehtiyac duyduğu hər şeylə təmin etmək üçün kifayətdir. Adının açıqlanmasını istəməyən jurnalistlərə danışan rəsmilərdən biri ehtimal edib ki, mövcud dəstək səviyyəsi bir ildən iki ilə qədər saxlanıla bilər, lakin daha çox olmayacaq.
ABŞ prezidenti Co Bayden administrasiyasının bir sıra rəsmiləri hesab edirlər ki, hazırkı vəziyyət Kiyevə danışıqlara başlamaq imkanı verir. "Ukrayna hakimiyyətinə mesaj budur ki, bu, əldə edəcəyiniz ən yaxşı şeydir. ABŞ büdcəsinin artıq çek yazmaq üçün çevikliyi yoxdur və Avropa silah fabrikləri tam gücü ilə işləyir”, - Qərb rəsmilərindən biri FT-yə bildirib.
Ukrayna hakimiyyət orqanlarında nəşrin həmsöhbətləri bu cür qiymətləndirmələri ümumiyyətlə təsdiqləyirlər. Eyni zamanda, Kiyev, ABŞ hakimiyyəti və Ukraynanın digər müttəfiq dövlətlərinin rəhbərləri materialda dərc olunan məlumatı rəsmi şəkildə şərh etməyiblər.
Qeyd edək ki, mayın 13-də ABŞ-ın "The New York Times” (NYT) qəzeti adının çəkilmədiyi Qərb rəsmilərinə istinadən yazıb ki, Aİ və ABŞ-da Ukraynanın planlaşdırdığı genişmiqyaslı əks-hücumdan sonra münaqişənin diplomatik yolla həlli şanslarının artacağına inam artmaqdadır.
Nizami Bağırov