Xəbər lenti

Ukraynanın əks-hücumu necə davam edəcək? - Hərbi ekspert mümkün senariləri açıqlayır
Dünya05:06 13.09.2022

Ukraynanın əks-hücumu necə davam edəcək? - Hərbi ekspert mümkün senariləri açıqlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində başlatdığı əks-hücum əməliyyatı çox güman ki, Dnepr çayının sağ sahilinə, Zaporojye vilayətinə keçəcək. 
Qaynarinfo xəbər verir ki, bu fərziyyəni "The Insider” qəzetinə müsahibəsində hərbi ekspert və ehtiyatda olan Ukrayna Silahlı Qüvvələrinin polkovniki Roman Svitan irəli sürüb. 
Bununla belə, onun sözlərinə görə, Ukrayna qoşunlarının hansı taktikaya əməl edəcəyini proqnozlaşdırmaq mümkün deyil: onların hərəkət mexanizmləri həddən artıq qeyri-standartdır.
Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını İzümdən sıxışdırdıqdan və demək olar ki, bütün Xarkov vilayətini azad etdikdən sonra şimal-şərq cəbhə xətti Ukraynanın dövlət sərhədi boyunca şimalda Oskol çayından, cənubda Severski Donets ilə birləşməsinə qədər uzanır. Hərbi elmə əsaslanaraq güman etmək olar ki, həm Ukrayna, həm də Rusiya Oskol su anbarından su maneəsi kimi istifadə edəcəklər. Bu ərazidə vəziyyət hələlik belə mövqedə qalacaq.
Ukrayna qoşunları Limana hücumunu davam etdirəcək, yəni Oskol su anbarından cənuba doğru hərəkət edəcəklər. Bundan sonra onlar rus hərbçilərini Severski Donetksinin sol sahili ilə şərqə itələməyə başlayacaqlar, sağ sahil boyunca isə Severski tərk edib Lisiçanska basqın edəcəklər. Severskdən Donetskə qədər, son iki ayda olduğu kimi, hər iki tərəfdən hücum və əks-hücum hərəkətləri həyata keçiriləcək.
Donetskdən və Zaporojye vilayətindən cənuba doğru cəbhə hələlik qeyri-müəyyən olaraq qalacaq. Əsas hərəkətlər Dnepr çayının sağ sahilində, Zaporojye vilayətində baş verəcək. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının tapşırıqlarından asılı olaraq, Rusiyanın sağ sahil qruplaşması ya məhv ediləcək, ya da əsir götürüləcək, onun sol sahilə çıxışına icazə verilməyəcək. Söhbət 20-25 min rusiyalı hərbçidən gedir.
Ukrayna komandanlığının istifadə edəcəyi mexanizmlər qeyri-standartdır, onları hesablamaq demək olar ki, mümkün deyil. Bununla belə, qruplaşmanın məhv ediləcəyini güman etmək olar. Belə ki, onlar eni 50 km və uzunluğu 200-250 km olan bir ərazidə daima atəş altındadır. Həm 155 millimetrlik artilleriya, həm də HIMARS bunun öhdəsindən yaxşı gələcək. Bu qruplaşmanın məhv edilməsi nəticəsində Ukraynanın işğal olunmuş əraziləri azad ediləcək.
Zaporojye vilayətindən Donetskədək cəbhə hələlik qeyri-müəyyən vəziyyətdədir, ona görə də orada hər hansı hərbi əməliyyatların olması ehtimalı azdır. Buna baxmayaraq, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Orexovdan Melitopola əks-hücum keçirəcəyindən qorxur - hərbi elmə görə, bu, ən yaxşı variantdır. Bunun qarşısını almaq üçün Rusiya hakimiyyəti öz silahlı qüvvələrini ora yerləşdirəcək. 
Nizami Bağırov