Məşhur "Bayraktar” pilotsuz uçan aparatının istehsalçısı Türkiyənin "Baykar Makina” şirkəti yeni döyüş PUA-nın prototipinin təqdimatını keçirib.
Müvafiq fotolar şirkətin "Twitter" səhifəsində dərc olunub.
Şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib ki, Milli Pilotsuz Döyüş Hava Sistemi (MIUS) "Kızılelma” adlandırılıb.
MUIS reaktiv mühərriki ilə təchiz ediləcək və dünyanın ilk dron daşıyıcısı olan- Türkiyənin flaqman hesab edilən TCG Anadolu (inşaatı davam edir) desant gəmisindən qalxıb və enə biləcək.
2021-ci ilin noyabrında "Baykar" MİUS layihəsi üçün Ukraynanın İvçenko-Progress dövlət müəssisəsindən (Zaporojye vilayətində yerləşir) AI-322F və AI-25TLT reaktiv mühərrikləri sifariş edib. Ukrayna reaktiv mühərriklərinin alınmasına dair saziş beynəlxalq silah sərgisi Saha Expo 2021 çərçivəsində imzalanıb.
"Kızılelma” prototipinin ilk uçuşu 2023-cü ildən tez həyata keçirilməyəcək. Pilotsuz təyyarə 800 km/saat sürətə çata biləcək, onun yükdaşıma qabiliyyəti 1500 kq olacaq.
Bəs "Baykar Makina” şirkətinin flaqmanı hesab edilən "Bayraktar TB2” Ukraynada özünü necə "göstərir”? Bu barədə hərbi ekspertlər nə deyir?
Qaynarinfo bu mövzuda apardığöı araşdırmanı təqdim edir.
Hələ Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl bir çox hərbi ekspertlər bildirirdilər ki, Ukraynanın əlində olan çox az sayda (açıq mənbələrdə 20-50 say qeyd edilir) "Bayraktar TB2” PUA-ları Rusiya üçün problem yaratmayacaq. Belə ki, türk pilotsuz uçuş aparatları, məsələn, Amerikanın MQ-9 Reaper-dən daha ləngdir və az effektiv hesab olunur.
Lakin döyüş təcrübəsi göstərir ki, hərbi analitiklər, Rusiya ordusunun PUA-ların zərbələrinə tab gətirmək qabiliyyətini həddindən artıq qiymətləndiriblər. Halbukı, nəzəriyyədə "Bayraktar” HHM sistemləri ilə məhv etmək və radioelektron mübarizə vasitəsilə sıradan çıxarmaq mümkündür.
Pilotsuz uçuş aparatları üzrə britaniyalı ekspert Samuel Bendet hesab edir ki, Rusiya hava hücumundan müdafiə sistemləri üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir və Ukraynanın arsenalında olan bütün "Bayraktar”ların zərərsizləşdirməsində acizdir.
Niderlandda yerləşən və açıq mənbələrdən istifadə edərək hərbi texnika və silahları təhlil edən Oryx layihəsi Rusiya-Ukrayna müharibəsi başlayandan tərəflərin hərbi texnika və avadanlıq itkiləri barədə məlumatlar dərc edir.
Bayraktar TB2 tərəfindən Ukraynada məhv edildiyi və ya zərərsizləşdirildiyi təsdiqlənən Rusiya hərbi texnikasının siyahısı da ayrıca verilib. Layihənin saytında qeyd edilir ki, siyahıya yalnız foto və video materiallarla məhv edildiyi təsdiq edilmiş hərbi texnika və avadanlıqlar daxildir. Bildirilir ki, ”Bayraktar TB2” PUA-larının cəlb edildiyi əməliyyatlara mümkün qədər az diqqəti cəlb etmək məqsədilə onların görüntüləri çox az yayımlanır. Bu səbəbdən də onlar tərəfindən məhv edilən hərbi texnikanın sayı siyahıda qeyd ediləndən xeyli yüksəkdir. Bu günədək siyahıda Rusiyaya aid 61 adda məhv edilmiş hərbi teknika var.
Hədəflərin xarakterinə baxdıqda Ukrayna ordusu türk istehsalı olan PUA-nı əsasən, təchizat (silah-sursat, yanacaq və s) yüklərinin, HHM, zenit-raket və radiolokasiya sistemlərinin, hərbi kolonların (zərbələr, əsasən kolonda olan və digər texnikanı sıradan çıxara biləcək güclü detonasiyaya (partlayışa) malik hədəflərə vurulur), komanda-idarəetmə məntəqələrinin məhvi və strateji obyektlərin kəşfiyyatı, koordinatların ötürülməsi və aerodromların bombalanmasında istifadə olunur (Fotolar yazıya əlavə olunur-red.)
"Clash Report” hərbi portalının hesablamaya görə, fevralın 24-dən martın 17-dək "Bayraktar” TB2 Rusiyanın ümumi dəyəri 600 milyon dollar civarında olan texnikalarını məhv edib.
Bildirilib ki, zərbə PUA-sı 5 ədəd 152 mm-lik haubitsa, 1 ədəd 220 mm-lik "Uraqan”, 1 ədəd rabit.ə stansiyası, 2 ədəd komanda postu, 2 ədəd desantın döyüş maşını (DDM-2), 2 ədəd logistika qatarı, 6 ədəd "Buk M1/2”, 1 ədəd "Pantsir-S1”, 2 ədəd "Tor-M1/2”, 9 ədəd KamAZ, 5 ədəd "Ural-4320” və 10 ədəd naməlum nəqliyyat vasitələri "Bayraktar” PUA-sı tərəfindən məhv edilib.
Əldə edilmiş bu kimi məlumatlardan belə qənaətə gəlmək olar ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus hərbi teknikanın təchizatını kəsərək "hərəkətsiz” hala gətirir, qruplaşmalar arasında idarəetməni pozur və hava-hücumundan müdafiə və ZRS sistemlərindən məhrum olan qüvvələrini aviasiya və artilleriyanın rahat hədəfinə çevirir.
Rusiyanın Ukraynaya qarşı təcavüzü başlayandan bəri Ukrayna ordusunun Rusiya texnikasına qarşı "Bayraktar”lardan uğurla istifadəsi sosial şəbəkələrin Ukrayna seqmentində "Bayraktar”ı artıq bir növ milli qəhrəmana çevirib və ona mahnı da həsr edilib, kliplər hazırlanıb.
Bununla belə ABŞ rəsmiləri əmindirlər ki, dronların bəziləri artıq məhv edilib (Ukrayna tərəfi itkilərə dair məlumat vermir), lakin müəyyən hissəsi hələ də uşuçlarını davam edir.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov martın 2-də Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının yeni partiyasının Ukraynaya gəldiyini açıqlayıb. Lakin onların dəqiq sayını və bu cür tədarükün gələcəkdə də davam edib-etməyəcəyini dəqiqləşdirməyib.
Bununla belə, Böyük Britaniyanın Baş naziri Boris Conson, NATO sammiti çərçivəsində Türkiyə prezidenti Tayyib Rəcəb Ərdoğanla görüşdən sonra mətbuata bildirib ki, Türkiyə Respublikası digər hərbi texnikadan savayı Ukraynaya "Bayraktar”ların göndərilməsini təmin edəcək.
Mütəxəssislər əmindirlər ki, Ukrayna ordusunun ixtiyarında başqa tipli pilotsuz silah sistemi - kamikadze pilotsuz uçan aparat olsa, daha böyük uğurlar qazana bilər. Hal-hazırda belə sistemləri İsrailin iki şirkəti - Harop və Hero, eləcə də ABŞ (Switchblade sistemi) istehsal edir. Artıq "Ağ ev” tərəfindən belə sistemlərin 100 ədədinin Ukrayna Ordusuna veriləcəyinə dair məlumatlar var.