Ukraynanın hava hücumundan müdafiəsi çox güman ki, Kiyev üzərində Rusiyanın hipersəsli "Kinjal” raketini vurub. Buna qədər Ukrayna Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sisteminin "Kinjal” raketlərinin qarşısını ala bilmədiklərini etiraf edib.
Qaynarinfo xəbər verir ki, vurulmuş raketin qalıqları paytaxtda yerləşən stadiona düşüb. Şəkillərdən birində "Defense Express” xüsusi olaraq X-47 "Kinjal” raketində istifadə edilənə mümkün qədər oxşar olan burun konusunu müəyyən
edib.
Nəşr qeyd edir ki, Ukrayna artıq rəsmi olaraq "Patriot” sistemlərini alıb və ehtimal ki, onlardan uğurla istifadə edib. Ukrayna Silahlı Qüvvələri "Kinjal”ın vurulması ilə bağlı xəbərləri şərh etməyib.
Əvvəllər media Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən "Kinjal”ların vurulması halları barədə məlumat verməyib. Mart ayında Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bu raketləri Ukraynanın ələ keçirə bilmədiyi raketlər sırasına daxil edib. "Kinjal”lardan başqa, həmin siyahıya "İskəndər”, "X-22”, MLRS raketləri, "Oniks” sahil raketləri, həmçinin S-300 mərmiləri və "X-31P” raketləri daxil edilib.
Ötən ilin dekabrında Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov "Kinjal” raketlərini Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz adlandırıb.
Qeyd edək ki, aprelin 19-da müdafiə naziri Aleksey Reznikov ABŞ-ın "Patriot” zenit-raket komplekslərinin Ukraynaya gəldiyini təsdiqləyib. Aprelin sonunda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, Ukraynanın qəbul etdiyi "Patriot” zenit-raket kompleksinin ikinci diviziyası döyüş növbəsinə keçib.
Nizami Bağırov