Dünya 14:40 29.08.2022

Ukraynanın Putinin Rusiyası ilə sülh danışıqları üçün altı əsas şərti

Qaynarinfo amerikalı iqtisadçı, "Atlantic Counsil” araşdırma mərkəzinin baş elmi işçisi Anders Aslundun məqaləsini təqdim edir:

Son vaxtlar Ukraynanın işğal olunmuş Krımda və Belqorodda Rusiya sərhədində həyata keçirdiyi bir sıra cəsarətli hücumlar Ukraynanın təşəbbüsü getdikcə daha çox ələ keçirməsi və hərbi gündəmi təyin etməsi ilə müharibənin yeni mərhələsinə işarə etdi. İndi çaxnaşma yavaş-yavaş sadə ruslar arasında yayılır, onların çoxunun Krım və Belqoroddan qaçdığı bildirilir.

Altı ay davam edən münaqişənin dinamikasının dəyişməsi Kremldə aydın şəkildə qeydə alınıb. Müharibə hələ bitməyib, lakin Ukraynanın zahirən artan cəsarəti və Rusiyanın hücumlarının sürətlə azalması fonunda Putin danışıqlar masasına qayıtmaq istəyinin əlamətlərini nümayiş etdirir.

Həlledici hərbi qələbə hazırda Rusiyanın imkanları xaricində görünsə də, müharibənin uzun sürən dalana dirənişlə, yoxsa Ukraynanın Rusiyanı geri çəkilməyə məcbur edə biləcəyi ilə bitəcəyi hələ bəlli deyil. Rusiyadan fərqli olaraq, Ukrayna böyük əsgər ehtiyatına malikdir və qaçılmaz səfərbərlik problemi ilə üzləşmir. Bununla belə, Ukrayna ordusu ciddi əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silahlara görə ölkənin Qərb tərəfdaşlarından böyük dərəcədə asılı olaraq qalır.

Əvvəllər Berlində, Parisdə və Vaşinqtonda Ukraynaya daha güclü silahların verilməsinin Putini yeni eskalasiyaya təhrik edəcəyindən ehtiyat edənlər var idi. Əvəzində Rusiya son həftələrdə Ukraynanın Qara dəniz limanlarının blokadasını qismən götürüb, eyni zamanda beynəlxalq müfəttişlərin Ukraynanın cənubunda, hazırda Rusiyanın nəzarətində olan Zaporojye atom elektrik stansiyasına baş çəkməsinə icazə verməyə hazır olduğunu bildirib. Bu arada Almaniyanın keçmiş kansleri Gerhard Şröder kimi Kremlin yüksək səviyyəli emissarları Putinin danışıqlara hazır olduğuna işarə ediblər.

Ola bilsin, Putin anlayır ki, indi uduzmaq təhlükəsi var və diplomatiya yolu ilə öz mövqeyini bərpa etməyə çalışır. İndiyədək Ukrayna rəsmiləri istənilən yüksək səviyyəli sülh danışıqlarının perspektivlərini aşağı qiymətləndiriblər. Bununla belə, müharibənin sonu görünmədikcə çox güman ki, Ukrayna yaxın aylarda yeni diplomatik təşəbbüslərlə çıxış etmək üçün artan beynəlxalq təzyiqlə üzləşəcək. Ona görə də Ukraynanın əsas şərtlərini əvvəlcədən aydınlaşdırmaq son dərəcə vacibdir.

Əsas qorxu ondadır ki, Putin 2014 və 2015-ci illərdə imzalanmış iki Minsk razılaşmasında olduğu kimi, tezliklə atəşkəsi təmin etməyə və əldə etdiyi nailiyyətləri möhkəmləndirməyə çalışacaq. Və bu, sadəcə olaraq, Rusiya özünə gəldikdən və hərbi cəhətdən yenidən qruplaşdıqdan sonra yaxın illərdə yeni müharibə üçün zəmin yaradacaq.

Ukrayna prezidenti Volodimir Zelenskinin haqlı olaraq israr etdiyi kimi, gələcək sülh danışıqlarının ilk və ən bariz şərti bütün işğal olunmuş Ukrayna ərazilərinin qaytarılmasıdır. Bu, Krım və Ukraynanın şərqindəki qondarma xalq respublikalarına, həmçinin son altı ayda işğal olunmuş bölgələrə aiddir. Ukraynanın ərazi bütövlüyünün bərpası davamlı sülhü təmin etməyin yeganə yoludur.
İkincisi, Ukrayna etibarlı təhlükəsizlik zəmanəti almalıdır. Kiyev artıq 1994-cü ilin dekabrındakı qəddar Budapeşt Memorandumunda qeyd olunan zəmanətlər kimi "təhlükəsizlik zəmanətlərini” qəbul edə bilməz.

Putinin bütün beynəlxalq müqavilələrə məhəl qoymaması onu göstərir ki, təhlükəsizliyin yeganə etibarlı təminatı NATO-ya üzvlük və güclü Ukrayna ordusudur. Ukraynanın hazırkı müharibədəki möhtəşəm uğurlarını nəzərə alaraq, NATO, ölkəyə Finlandiya və İsveçi ittifaqa daxil edən sürətli üzvlük təklif etməkdən qürur duymalıdır. Əgər NATO Ukrayna ilə bağlı konsensusa nail ola bilməsə, bəzi aparıcı dövlətlərdən "dəmir” təhlükəsizlik zəmanətlərinə ehtiyac olacaq, lakin onlar Kiyevin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün kifayət etməyə bilər.

Üçüncüsü, Rusiya Ukraynaya vurduğu dağıntılara görə müharibə təzminatı ödəməlidir. Kiyev İqtisadiyyat Məktəbi məlumat bazası hazırlayıb və işğalın ilk aylarında birbaşa fiziki ziyanı 110 milyard dollar qiymətləndirib, Ukraynanın ÜDM-i isə 2022-ci ildə ən azı 35% və ya 70 milyard dollar azalması gözlənilir. Təkcə maddi ziyana görə yekun rəqəm çox güman ki, daha yüksək olacaq.

Qərb hökumətləri Rusiya Mərkəzi Bankına məxsus və işğalın ilk günlərində dondurulmuş 316 milyard dollar valyuta ehtiyatını müsadirə etməklə Ukraynanın müharibədən sonrakı bərpasını maliyyələşdirməyə kömək etməlidir. Rusiyanın digər maliyyə mənbələri müəyyən edilməli və bu pulların Ukraynaya yönəldilməsi üçün hüquqi mexanizmlər yaradılmalıdır. Rusiyanın təzminatının təmin edilməsi Ukraynanın ölkənin Qərb tərəfdaşları üçün əsas tələblərindən biri olmalıdır.

Dördüncüsü, Rusiyanın Qara Dəniz Donanması Krımın liman şəhəri Sevastopoldan öz dəniz bazasını həmişəlik çıxarmalıdır. Rusiyanın Ukraynaya müdaxiləsi 2014-cü ildə Krımın ələ keçirilməsi ilə başlayıb. Bu əməliyyat əsasən Sevastopolda yerləşən Rusiya qüvvələrinə arxalanırdı. Yeri gəlmişkən, Kreml artıq birtərəfli qaydada Rusiyanın Sevastopolun icarə müddətini 2042-ci ilə qədər uzadan 2010-cu il tarixli Xarkov sazişindən imtina edib. 

Beşincisi, işğalın əvvəlindən ən azı iki milyon ukraynalı Rusiyaya daxil olub, onların çoxu məcburi şəkildə deportasiya edilib. Geri qayıtmaq istəyən bütün ukraynalılara Rusiyanı tərk etmək üçün icazə verilməlidir. Rusiyaya aparılaraq qanunsuz övladlığa verilən minlərlə ukraynalı uşaq da Ukraynaya qaytarılmalıdır.

Altıncısı, ağır hərbi cinayətlər törətmiş rus əsgərləri və rəsmiləri Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmalıdır. Xoşbəxtlikdən, Ukrayna hakimiyyəti artıq Rusiyanın hərbi cinayətlərinin qeydə alınması və sənədləşdirilməsi üçün çox təfərrüatlı prosesə başlayıb.

Bu altı şərt istənilən mümkün sülh danışıqlarının əsasını təşkil etməlidir. Qərb indiki kritik anda Ukraynanı tam dəstəkləməli, Putinin alçaldılması və təxribatı qorxusuna qalib gəlməlidir. Ötən altı ayın sübutları onu deməyə əsas verir ki, qətiyyətli müxalifətlə üzləşən Rusiya diktatoru gərginləşməkdənsə, geri çəkilməyi üstün tutur.

Ona görə də Qərb liderləri diqqətini Ukraynanın müharibədə qalib gəlməsi üçün lazım olan silahlarla təmin etməsinə diqqət yetirməli, həmçinin Moskvaya aydın mesaj verməlidir ki, Rusiya Ukraynanın bütün şərtlərini yerinə yetirənə qədər sanksiyalar qüvvədə qalacaq. Hər şeydən əvvəl, Qərb döyüşlərdə fasilədən başqa bir şey ola bilməyəcək şeyin müqabilində güzəştə getmək vəsvəsəsindən qaçmalıdır.

Ukraynalılar Kremlə güzəştə getmək cəhdinin mənasızlığını başa düşürlər. Onlar anlayırlar ki, müharibə ancaq Rusiya məğlub olanda bitəcək. Ukraynanın beynəlxalq tərəfdaşları da bu fikirlə razılaşmalı və gələcək sülh danışıqları öncəsi Moskvaya qarşı vahid cəbhədən çıxış etməlidirlər. Putinin uduzduğu təqdirdə necə reaksiya verəcəyi ilə bağlı narahat olmaqdansa, qalib gələcəyi təqdirdə nə edəcəyi ilə bağlı narahat olmalıdırlar.
 

Nizami Bağırov