Xəbər lenti

Ukraynanın yenidən qurulması neçəyə başa gələ bilər və o pulu kim ödəyəcək?
Dünya11:10 31.05.2022

Ukraynanın yenidən qurulması neçəyə başa gələ bilər və o pulu kim ödəyəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo NPR saytının yazarı Aşış Valentinin Ukraynanın yenidən qurulması ilə bağlı yazısını təqdim edir. 
Rusiyanın Ukraynaya müdaxiləsi artıq milyardlarla dollar dəyərində infrastrukturu məhv edib, əsas Qara dəniz limanlarından ixracı dayandırıb və 12 milyondan çox insanı didərgin salıb.
Dünya Bankı müharibə səbəbilə Ukrayna iqtisadiyyatının bu il 45% kiçiləcəyini proqnozlaşdırır. Rusiya qüvvələri hazırda Donbas bölgəsinə fokuslanıb və müharibə heç bir geriləmə əlaməti göstərmir.
Lakin Ukrayna və Qərb liderləri müharibənin nə vaxtsa başa çatacağı təqdirdə Ukraynanın yenidən qurulmasının necə aparılacağı barədə danışırlar.
Ukrayna prezidenti Volodimir Zelenski aprelin sonlarında videokonfransda dağıntılar barədə danışıb: 350 tibb müəssisəsi, 2500 km yol və 300 körpü daxil 1500 təhsil obyekti dağıdılıb və ya zədələnib. Ümumilikdə, Zelenski indiyə qədər 32 milyon kvadratmetr yaşayış sahəsinin müharibənin təsirlərinə məruz qaldığını bildirib. 
"Bu, təkcə statistika deyil. Bu, Mariupol, bu Volnovaxadır, bu Oxtırka, bu Çerniqov, bu Borodyanka - onlarla və onlarla şəhər, qəsəbə və kəndimizdir", - Zelenski bildirib.
Ölkənin yenidən qurulmasının dəyərinin yüz milyardlarla dollara çata biləcəyi təxmin edilir.
Bunu həll etməyə gəldikdə, bir çox liderlər Birləşmiş Ştatların İkinci Dünya Müharibəsindən sonra 17 Avropa dövlətinin iqtisadiyyatını bərpa etmək üçün 13 milyard dollardan çox (və ya bugünkü dollarla 150 milyard dollardan çox) iqtisadi yardım ayırdığı Marşal Planı ilə paralel aparırlar.
Ukraynanın yenidən qurulmasının nə qədərə başa gələ biləcəyini, bunun necə edilə biləcəyini və Marşal planından hansı dərslərin alına biləcəyini aydınlaşdırmaq üçün NPR Berkli Universitetinin iqtisadçıları Yuri Qorodniçenko və Barri Eiçenqrin ilə danışıb. 
Qorodniçenko ukraynalı iqtisadçıdır və bu yaxınlarda İqtisadiyyat və Siyasət Araşdırmaları Mərkəzi tərəfindən nəşr olunan Ukraynanın yenidən qurulması layihəsinin həmmüəllifidir. Eiçenqrin Avropanın müharibədən sonrakı inkişafını tədqiq edən iqtisadi tarixçidir.
Yenidənqurma nə qədərə başa gələcək?
Kiyev İqtisadiyyat Məktəbinin davam edən araşdırması müəyyənləşdirib ki, Ukraynada hər həftə mülki infrastruktura təxminən 4,5 milyard dollar dəyərində ziyan dəyir və ölkənin ümumi iqtisadi itkiləri 600 milyard dollara qədər arta bilər. 
"Hamımız Ukraynada tam dağıntının təsvirlərini görürük. Siz Xarkov, Mariupol kimi böyük şəhərlərə baxırsınız və demək olar ki, orada dağıdılmayan bir bina qalmayıb. Ancaq bu, təkcə yaşayış sahəsində belə deyil. Siz görürsünüz ki, körpülər, yollar, neft emalı zavodları, polad zavodları və dəmir yolları kimi kritik infrastruktur məhv edilir", - Qorodniçenko deyir
Qorodniçenko bildirib ki, müharibənin toz dumanına baxmayaraq, iqtisadçılar zərəri hesablamaq üçün bir neçə üsuldan istifadə edirlər.
"Bunu həll eləməyin bir yolu zədələnmiş körpülərin, binaların və sairlərin inventarını aparmaq və onların dəyişdirilməsinin dəyərini hesablamaqdır. Bu, asanlıqla 100-200 milyard dollar arasında olacaq", - Qorodniçenko bildirib.
"Biz keçmişdə görülmüş digər tədbirlərə və oxşar səylərə də baxa bilərik. Məsələn, İraqın və ya Əfqanıstanın yenidən qurulmasının dəyəri nə qədər idi? Bu ölkələrin ölçüsünə, onlara dəymiş ziyanın səviyyəsinə nəzər salsanız və onu Ukrayna ilə uyğunlaşdırsanız, Ukrayna məsələsində 500 milyard, bəlkə də 1 trilyon dollar arasında bir yerə gəlirsiniz”.
Ukraynanın yenidən qurulması necə olmalıdır?
Rusiyanın işğalı ölkəyə külli miqdarda ziyan vursa da, bəzi ekspertlər yenidənqurmaya Ukraynanı modernləşdirmək üçün yüz ildə bir dəfə ələ düşən şans kimi də baxırlar.
Qorodniçenko hesab edir ki, ölkənin yenidən qurulan şəhərləri karbondan təmizlənməli və sıx olmalıdır, mənzil və ictimai nəqliyyatda çox ehtiyac duyulan təkmilləşdirmələr aparılmalıdır.
Onun sözlərinə görə, Ukrayna 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini əldə edəndən sonra da Sovet iqtisadiyyatına inteqrasiya olunmuş onilliklər keçirib və onun infrastrukturunun böyük hissəsi hələ də o dövrə gedib çıxır. 
"ÜDM ilə müqayisədə enerji istehlakına baxdıqda, bu, dünyada ən yüksək göstəricilərdən biri idi. Beləliklə, bu, iqlim, iqtisadiyyat üçün çox pis idi. İllər keçdikcə Ukrayna getdikcə daha səmərəli olurdu, lakin bu, yavaş bir proses idi”,-  Qorodniçenko bildirib. 
Ukraynanın köhnə, səmərəsiz infrastrukturu çirklənməyə və iqlim dəyişikliyinə səbəb oldu, eyni zamanda ölkəni Rusiya neftindən və təbii qazından çox asılı vəziyyətə saldı.
"Biz həqiqətən Ukraynanı müasir standartlara uyğun yenidən qurmalıyıq, - Qorodniçenko deyir. - Və bu, təkcə iqlim dəyişikliyi baxımından yaxşı deyil... həm də Ukraynanı Rusiyanın gələcək şantajlarına daha az həssas edir... Beləliklə, bir daşla iki quş vura bilərsiniz".
Pul haradan gələcək?
Avropa İttifaqı ötən həftə Ukraynaya kredit şəklində təxminən 9 milyard avro vəd edib. O, həmçinin Aİ-nin inzibati imkanları və texniki yardımı ilə "Ukrayna tərəfindən tərtib edilmiş və həyata keçirilən” yenidənqurma planına ölkələrə ianə verməyə imkan verəcək "Ukraynanın yenidən qurulması” beynəlxalq platforması yaratmağı öhdəsinə götürüb.
ABŞ və bir sıra digər dövlətlər Ukraynanın dəstəklənməsi və yenidən qurulması üçün hərtərəfli planı dəstəklədiklərini bəyan ediblər. ABŞ Senatı keçən həftə Ukraynaya 40 milyard dollarlıq yardım paketini qəbul edib, lakin maliyyə naziri Janet Yellen Brüsseldəki çıxışında deyib: "Əvvəl-axır, 1945-ci ildən sonra Avropanı yenidən qurmaq vəzifəsində olduğu kimi, Ukraynanın yenidən qurulması və bərpası üçün kütləvi dəstəyə və özəl investisiyalara ehtiyac olacaq. 
"Aydın olan odur ki, indiyə qədər açıqlanan ikitərəfli və çoxtərəfli yardımlar qısa müddətdə belə Ukraynanın ehtiyaclarını qarşılamaq üçün kifayət etməyəcək”, - Yellen bildirib.
Müttəfiq dövlətlərin dəstəyi ilə yanaşı, Qorodniçenko sanksiyalar nəticəsində ələ keçirilən Rusiya aktivlərinin xərclərin ödənilməsi üçün istifadə oluna biləcəyini deyib. Yellen, keçən həftə bildirib: "Biz hazırda buna baxmağa başlamışıq, ancaq indi ABŞ-da hökumətin bu aktivləri ələ keçirməsi qanuni olmaz".
Qorodniçenko bildirib ki, beynəlxalq ictimaiyyət, hətta təzminat ödəməyə razı olmasa belə, Rusiyanın Ukraynanın yenidən qurulmasına görə pul ödəməsi yollarını tapmaq üçün tarixi presedentdən istifadə edə bilər. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra amerikalı məmurlar nasistlərin ABŞ-dakı aktivlərini dondurub, sonra isə onlardan müharibə cinayətlərinin qurbanlarına kompensasiya vermək üçün istifadə ediblər.
O, həmçinin 1990-cı ildə Küveytin işğalı nəticəsində dəymiş ziyanı kompensasiya etmək üçün İraqın neftinə görə vergi şəklində 30 il ərzində Küveytə təxminən 50 milyard dollar təzminat ödəməsini də yada salıb. Qorodniçenko təklif edir ki, Rusiya enerjisinə effektiv vergi tətbiq edilsin və bu verginin bir hissəsi yenidənqurma xərclərini ödəmək üçün Ukraynaya daxil olsun.
Həm Qorodniçenko, həm də Eiçenqrin Aİ-nin yardımın əsasən kreditlər şəklində olması ehtimalından narahatdırlar. 
"Böyük müharibə nəticəsində məhv olmuş bir ölkənin tezliklə kreditləri qaytarmaq imkanı olmayacaq" - deyən Qorodniçenko Marşal Planı yardımının 90%-nin qrant şəklində verildiyini bildirib.
Eiçenqrin deyir ki, AB Ukraynaya qrant şəklində daha çox maliyyə ayırmaq üçün resurslara malik olduğunu nümayiş etdirib. O, Aİ-nin koronavirus pandemiyasına görə bərpa fondu yaratmaq üçün 750 milyard avro borc götürdüyü 2020-ci ilə işarə edib.
"Əgər prioritet hesab etsələr, bunu yenidən edə bilərdilər", - deyir Eiçenqrin.
Bu səy Marşal Planı ilə necə müqayisə oluna bilər?
Eiçenqrin bunun sadə bir müqayisə olmadığını, lakin Marşal Layihəsindən Ukraynanın yenidən qurulması üçün hələ də çox şey tətbiq oluna biləcəyini deyir.
O, iddia edir ki, beynəlxalq ictimaiyyət Marşal Planını nəhəng pul köçürmələri kimi görməkdənsə, tarixdən düzgün dərslər çıxarmalıdır.
Onun sözlərinə görə, Marşal Planı ona görə uğur qazandı ki, o, sadəcə pul köçürmək məsələsi deyildi. Avropalı məmurlar, mühəndislər və işçilər ən son tikinti və istehsal texnikalarını başa düşmək üçün ABŞ-a səfərlərində əhəmiyyətli bilik mübadiləsi aparılıb.
Eiçenqrin deyir ki, eyni şəkildə, Ukrayna öz bacarıqlı beyin axınını dayandırmalı və eləcə də böyük bir iş üçün dünyanın hər yerindən mühəndisləri və qaçqınları ölkəyə qayıtmağa təşviq etməlidir.
Marşal Planı fondlarının İkinci Dünya Müharibəsindən sonra Avropaya gəlməsi əslində bir neçə il çəkdi. Qorodniçenko bildirir ki, 1945-1948-ci illər avropalılar üçün çox ağrılı olub. 
"Buna görə də Ukraynanın yenidən qurulması ilə bağlı bu söhbətlər indi aparılmalıdır ki, müharibə bitən günə qədər artıq işə hazır olan obyekt, proqram və ya administrasiya olmuş olsun. Biz səhvlərimizdən nəticə çıxarmalı və Ukraynada lazımsız əzabların olmamasına əmin olmalıyıq”,- o deyir.
Nurlan Hüseynov