İtaliyanın xarici işlər naziri Luici Di Mayo Rusiyanın tam miqyaslı işğalı və Kiyevə hərbi yardım fonunda Ukraynaya dəstək mövzusunda fikir ayrılıqlarına görə "5 ulduz hərəkatı” partiyasını tərk edib. İtaliyalı nazir mətbuat konfransında qərarı "ağrılı seçim" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İl Post"
yazıb.
O, həmçinin əlavə edib ki, M5S fraksiyası bundan sonra İtaliya parlamentində aparıcı siyasi qüvvə olmayacaq.
"Mən "5 ulduz hərəkatı”nı tərk edirəm. Heç düşünməmişdim ki, nə vaxtsa bunu etməyə məcbur olaram. Bu gün mən və bir çox digər həmkarlarım M5S-dən ayrılırıq. Biz sabahdan parlamentdə aparıcı siyasi qüvvə olmayacağıq”.
"La Stampa”
yazır ki, Di Mayo həmçinin M5S-in bir qisminin Ukraynadakı müharibə ilə bağlı mövqeyini, xüsusən də keçmiş baş nazir Cüzeppe Konteni tənqid edib:
"Biz mütləq tarixin hansı tərəfində olacağımızı seçməli idik - hücuma məruz qalan Ukrayna ilə, yoxsa işğalçı ölkə Rusiya ilə. Bəzi M5S liderlərinin mövqeləri ölkəmizi zəiflətmək riski daşıyırdı”, - İtaliyanın xarici işlər naziri bildirib.
O, həmçinin xatırladıb ki, əvvəllər Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar partiyada heç bir qeyri-müəyyənlik olmamağı ilə bağlı məsələ qaldırılıb.
"M5S-in bütün hökumətin diplomatik işini dəstəkləmək və qeyri-müəyyənlikdən qaçmaq vəzifəsi var idi, lakin bu baş vermədi", - deyə Di Mayo yekunlaşdırıb.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbərinin partiyadan çıxmaq qərarı ölkə parlamentində parçalanmaya səbəb olub. Məlumata görə, 60-dan çox parlament üzvü M5S fraksiyasını tərk edib və Di Mayo ilə birlikdə yeni parlament qrupu yaratmağı planlaşdırırlar.
Kontenin siyasi qüvvədəki tərəfdarları arasında Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı tutacağı mövqeyə geniş skeptisizm olub. O, həmçinin Ukraynaya hərbi yardım və Kiyevə silah tədarükü məsələsini də əhatə edib.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri ölkənin hazırkı baş naziri Mario Draqinin tərəfdarıdır, o, Ukraynanı rus qoşunlarına qarşı mübarizə yolunda, eləcə də Kiyevin Aİ-yə istəklərini dəstəkləyir.
"5 ulduz hərəkatı” 2018-ci il seçkilərindən sonra İtaliya parlamentində ən böyük siyasi qüvvə olub. Di Mayonun qərarından sonra Matteo Salvininin rəhbərlik etdiyi sağçı Liqa partiyası İtaliya parlamentində ən böyük fraksiya olacaq.
May ayında İtaliyanın baş naziri Mario Draqi və hökuməti Ukraynada müharibəyə son qoymaq üçün öz planlarını təklif edib və bu plan BMT-nin baş katibi Antonio Quterreş və G7 ölkələrinə təqdim edilib.
Nizami Bağırov