
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur Təhsil Nazirliyinin müəllimlik peşəsinə qəbul olmaq üçün irəli sürdüyü irqçi şərtlərə etiraz ediblər.
Yeni şərtlərə görə, fars dilində ləhcə ilə danışanlar ibtidai məktəblərdə, habelə fars dili və ədəbiyyatı dərslikləri üzrə müəllim işləyə bilməyəcəklər.
"Qaynarinfo" Günaz Tv"-yə istinadla bildirir ki, Təhsil Nazirliyinin yeni irqçi qanunlarına etiraz edən millət vəkili Ruhulla Həzrətpur bu barədə İnstagram səhifəsində yazıb.
“Bu ölkənin təhlükəsizliyini ləhcəsi olan kişilər təmin edir. İranın müdafiəsi məsələsi gündəmdə olduğu zaman, kimsədən onun ləhcəsi barədə soruşulurmu?!”- deyə o qeyd edib.
Urmiyənin digər millət vəkili Nadir Qazipur isə bu barədə “Fars” xəbər agentgliyinə danışıb.
“Kimsənin ləhcə ilə danışması, onun keçmiş fəaliyyətində rüşvət və korrupsiya kimi ləkə olmasından daha yaxşıdır. Bu qanun qəbuledilməzdir. İranda hər məntəqə və şəhərin özünəməxsus ləhcəsi var. Məncə ləhcə ilə danışmaq işə götürülmədə əlavə şans yaratmalıdır. Ona görə ki, şagirdin dili və ləhcəsi ilə danışa bilməyən müəllim onunla səmimi münasibət qura bilməz, nəticədə şagirdlərin inkişaf etdirilməsi mümkün olmaz”- deyə o vurğulayıb.
N.Qazipur sözlərinin davamında deyib: “Biz heç vaxt belə şərtləri qəbul edə bilmərik və buna qarşı çıxmaq bizim vəzifəmizdir. Məncə Təhsil Nazirliyi ləhcə məsələsini həll etmək istəyirsə, məktəblərə yerli olmayan müəllimləri göndərməsin və bu şəkildə şagirdlər üçün müəllimlərin ləhcəsi məsələsi öz həllini tapsın.”
Təhsil Nazirliyi isə mövzu ilə bağlı şənbə günü bəyanat yayaraq məsələni belə izah edib:
“Təlim-tərbiyədə qövmlərin ləhcələrindən istifadə etmək şagirdlərin düzgün tərbiyə edilməsini asanlaşdırır, məktəb və ev arasında qarşılıqlı əlaqə yaradır, əhalinin təlim-tərbiyə sisteminə olan inamını artırır. Həmçinin şagirdlərin tərbiyə edilməsində mədəni maneələri aradan qaldırır. Yeni nizamlamada sadəcə kontrolu mümkün olmayan qəliz ləhcələrdən söz gedir. Hansıki müsahibə qrupunun rəyinə görə məktəblərdə fonetik baxımdan problem yarada bilər. Belə hallarda müraciət edənlər hansı əyalətdə müəllim işləyəcəyindən asılı olmayaraq müsahibənin nəticəsi əsasında işə qəbul olunacaq”- deyə bəyanatda qeyd olunub.
Avqustun 23-də İranın Təhsil Nazirliyi müəyyən xəstəliyi və farscada qəliz ləhcələri olanları ibtidai məktəb müəllimi peşəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb.
Nazirliyin açıqladığı “xəstəliklər siyahısını” yarı-rəsmi “Fars” xəbər agentliyi dərc edib.
Boyun hündürlüyü, dişlərin sayı, eşitmə və görmə qabiliyyəti, qan təzyiqi və ürək xəstəliklərindən tutmuş qadın xəstəlikləri və ləhcə problemlərinə qədər bir çox halların diqqətə alındığı siyahıda müəllimlik vəzifəsi tələb edən minimum şərtlər və meyarlara yer verilib.
“Qadın xəstəlikləri” qismində sonsuzluq, "erkən və ya gecikmiş yetkinlik" və "uterus xəstəlikləri" kimi problemlər yaşayanların müəllimliyə alınmayacağı qeyd edilib.
“Ç, G, J və Q kimi fars hərflərinin tələffüzünə mane olan və dəyişilməsi mümkün olmayan qəliz ləhcələri olanların ibtidai məktəb müəllimi, habelə fars dil və ədəbiyyatı müəllimi olması yasaqdır,” deyə Təhsil Nazirliyinin yeni nizamlamasında dərc olunub.
Qaynarinfo.Az