Bu gün Rusiyanın Qroznı şəhərində göyərtəsində 119 uşaq olan «Yak-42» sərnişin təyyarəsi qəza təhlükəsi səbəbindən məcburi eniş edib.
APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Verilən məlumata əsasən, hava gəmisinin mühərriklərinin birində yağın təzyiqinin düşməsi səbəbindən pilot təyyarəni endirmək məcburiyyətində qalıb. Digər mənbələr isə təyyarədə donmayaqarşı sistemin nasaz vəziyyətdə olduğunu bildirib. Bu səbəbdən ekipaj risk etməmək qərarına gələrək hər ehtimala qarşı təyyarəni endirib. Hazırda hadisənin səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır.
Qroznı-Antalya reysini yerini yetirən bu təyyarə uşaqları Türkiyə kurortuna istirahətə aparırdı.
Qeyd edək ki, «Yak-42» təyyarələri Rusiyada 1980-ci ildən buraxılır.
Qaynar.info