Diktator Vladimir Putinin Rusiyada ümumi səfərbərlik elan etmək istəməməsi və Ukraynadakı müharibəni "xüsusi əməliyyat” adlandıran saxta təbliğat, təcavüzkarı döyüş meydanında üstünlüklərdən məhrum edir. Rusiyanın Donbasda artilleriya döyüşlərinə keçməsi dəqiq idarə olunan silah ehtiyatlarının tükənməsi ilə əlaqədardır; Ukraynalılar da sursat qıtlığını yaşayırlar, lakin Qərbdən gələn yardım axını ləng də olsa, Moskvaya ilkin məqsədlərinə çatmağa imkan vermir.
Qaynarinfo xəbər verir ki, bu sözləri jurnalist Cek Deç "Foreign Policy” dərgisində dərc edilən məqaləsində
yazır.
"Putinin müharibə ilə bağlı yalanları Rusiyanın irəliləyişini ləngidir” başlığı ilə dərc olunan məqalədən bəzi hissələri təqdim edirik.
"Foreign Policy" nəşrinə danışan ABŞ rəsmilərinin sözlərinə görə, Kremlin rəsmən müharibə elan etməkdən imtina etməsi ilə Putinin Ukraynadakı strategiyası getdikcə daha çox əziyyət çəkir. Potensial olaraq səfərbərlik Rusiyaya minlərlə əsgəri döyüş meydanına cəl etməyə imkan verərdi. Lakin ABŞ rəsmiləri belə bir fikrə meyil edirlər ki, Putin öz ordusuna real itkilərin verilməsinin siyasi bədəlini öz üzərinə götürmək istəmir: Qərbin hesablamalarına görə, Ukraynada azı 15 min rus hərbçisi həlak olub, Kiyevin hesablamalarına görə, bu rəqəm iki dəfə çoxdur.
"Rusiya qoşunları Donbasda aylarla davam edən döyüşlərdə bir çox hallarda Ukrayna qüvvələrini birə üç nisbətdə üstələyirdi. Kreml Luqansk bölgəsinin böyük hissəsini ələ keçirdi və bu, müharibənin sürətində dəyişiklik kimi görünürdü. Ancaq cəbhəyə əlavə çağırışçılardan ibarət qoşun göndərməkdən imtina Rusiyanın üstünlüklərini yox edir ", - Deç qeyd edir.
ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, Kreml hələ də baş verənlərin əsl miqyasını ictimaiyyətdən gizlədir.
Ordunun verdiyi itkilərin əvəzini çıxmaq üçün əsgərlərin gizli cəlb edilməsi hələ də davam edir, lakin bir qayda olaraq belə hərəkətlər nəticə vermir. "Foreign Policy"nin Avropa təhlükəsizlik strukturundan olan həmsöhbəti Murmansk vilayətində gizli səfərbərlik kampaniyasının uğursuzluğundan danışıb.
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin öz növbəsində gündə 100-200 əsgər itirdiyini bildirib. ABŞ rəsmilərinin fikrincə, bu rəqəmlər münaqişənin kəskinləşdiyi artilleriya müharibəsi zamanı gözləniləndən çox deyil.
"Onlar (ukraynalılar. – red.) çox çevik taktikalardan istifadə edirlər. Onlar yavaş-yavaş geri çəkilir, şəhərin hər massivi üçün yüksək bədəl tələb edirlər, - kəşfiyyat məlumatları ilə tanış olan mənbə nəşrə bildirib. - Mən bu qənaətdəyəm ki, uzunmüddətli perspektivdə Rusiyanın axırı gələcək. Əgər onlar Severodonetsk uğrunda belə mübarizə aparırlarsa, Kiyevdə nə baş verəcəyini təsəvvür edə bilərsinizmi?”
Məqalə müəllifi vurğulayır ki, Kremlin strateji uğursuzluqları təkcə daxili siyasətlə deyil, həm də Qərbin sanksiyaları ilə bağlıdır. Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi Rusiyanın Donbasda artilleriya döyüşünə keçməsinə səbəb yüksək xərclər və sanksiyalar altında silahların əvəzinin doldurmaq imkanının olmaması üzündən müasir dəqiqliklə idarə olunan silahların tükənməsidir. Onun sözlərinə görə, Qərbin hərbi texnikasının Ukrayna Silahlı Qüvvələrinə axını davam etdiyi üçün Ukrayna Rusiyaya qarşı üstünlük əldə edir.
Nəşr qeyd edir ki, silah tədarükü o qədər də sürətlə getmir və bu, ukraynalıların narazılıqlarına səbəb olur. "Foreign Policy"nin ABŞ kəşfiyyatından olan həmsöhbəti etiraf edir ki, Ukrayna ordusunun NATO modellərinə keçidi xeyli əvvəl başlamalı idi. O, Ukraynaya 4 artilleriya qurğusu və 48 HİMARS raketinin verilməsinə dair razılaşmanı "cılız” adlandırır. "Bu, bir saata bəs edir”, - deyə mənbə narazılığını bildirir.
Yekun olaraq nəşr bildirir ki, bütün bunlara baxmayaraq, Co Bayden administrasiyasının rəsmiləri Ukraynanın dözə biləcəyinə əmindirlər. "Mən onların müharibədə uduzacaqlarını düşünmürəm. Yadınızdadırsa, rusların məqsədi tez mühasirəyə almaq idi? Bir neçə həftəyə buna nail olacaqlarını düşünürdülər, amma indi tükəndirmə müharibəsinə keçiblər. Rusların əməliyyatın məqsədi olan Ukraynanın şərqində də uğur qazanacağı sual altındadır”, - ABŞ Müdafiə Nazirliyinin sözçüsü müsahibəsində bildirib.
Nizami Bağırov
Şərhlər