Dünya 12:02 06.01.2024

Valeri Gerasimov Krımda öldürülüb? - Budanovun şərhi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkə ordusunun Krıma hücum zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ölməsi barədə sualı cavablandırıb.

Qaynarinfo xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin rəisi telemarafon zamanı rusların mümkün ciddi itkisindən lakonik danışıb. Budanov Gerasimovun yarımadada ölümünü təsdiqləməyib: 

"Belə deyim, məndə bunu təsdiqləyən məlumat yoxdur".

Qeyd edək ki, yanvarın 4-də Krıma pilotsuz təyyarələr və raket hücumları olub. Rusiya rəsmiləri son zamanların ən kütləvi hücumunu dəf etdiklərini iddia ediblər. Ruslar bildiriblər ki, Ukraynanın 10 raketini məhv edə biliblər.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Sevastopol yaxınlığında yerləşən komanda məntəqəsini uğurla vurduqlarını bildirib, həmçinin Pervomayskoye kəndi yaxınlığında rusların silah-sursat anbarlarının vurulduğunu qeyd edib.

Bundan əlavə, internetdə Krıma hücum zamanı "general Gerasimov həlak olub" məlumatı yayılıb. Ukrayna Təhlükəsizlik Xidməti UNİAN-a bildirib ki, generalın mümkün məhv edilməsi ilə bağlı məlumatları hələlik şərh edə bilməzlər.

Alpər