Dünya 18:55 05.10.2022

Vardanyan Xankəndidə “vəzifə” almaqla İrəvana gedən yolda ilk addımını atdı (ŞƏRH)

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən milyarder Ruben Vardanyan dünən separatçı qurumun "dövlət naziri” "təyin edilib”. Vardanyanın bu "vəzifə”yə gəlməsini separatçıların lideri sevinclə qarşılayıb. Bununla bağlı Arayik Arutyunyan özünün sosial səhifəsində xüsusi paylaşım edib.

Vardanyan bu ilin sentyabrın əvvəlindən Qarabağa gəlib. Qərarını da guya Qarabağ ermənilərinin yanında olmağa borclu olması ilə əsaslandırıb:
 
"Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri onların yanında olmağa borcludur. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik”. 

Həmin dövrdə o da vurğulanırdı ki, guya Vardanyan Qərbin sanksiyalarına məruz qalmamaq üçün Rusiyanı Qarabağa dəyişib. Vardanyanın həmin zaman səsləndirdiyi bu sözlərindən belə çıxırdı ki, əlində olan vəsaiti Qarabağ ermənilərinin sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün xərcləyəcək. Amma ilk andan bəlli idi ki, Vardanyan Qarabağa elə-belə gəlməyib. Onun bura "köçməsi”nin arxasında siyasi məqamlar dayanır və bu prosesdə də Moskva maraqlıdır. Moskva son zamanlar Qərblə əlaqələrini intensivləşdirən Paşinyanın dəyişdirilməsində maraqlıdır. Ancaq anlayır ki, "Qarabağ klanı” vasitəsilə artıq bu istəyini reallaşdıra bilməyəcək. Ona görə də "İvanuşvili variantı”ndan bəhrələnmək istəyir.

Vardanyan özü də siyasətə qoşulacağını gizlətməyib. İlk dəfə 2021-ci ilin yayında Ermənistana gələrək Rusiyanın RBC telekanalına müsahibəsində siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirib. Hələlik isə Vardanyan separatçı rejimin "dövlət naziri” təyin edilməklə Rusiyanın planına uyğun olaraq ilk addımı atıb. Bu addımla prosesin gedişində nə dəyişə bilər və əsas plan nədir? Vardanyanın qondarma qurumda həmin vəzifəyə gətirilməsi sadəcə olaraq onun Ermənistana gedən yolda atdığı ilk addımdır. Əsas hədfə isə aydın məsələdir ki, Ermənistandır, daha doğrusu bu ölkədə hakimiyyətə yiyələnmək. Bunun üçün isə Vardanyan özünü ilk tramplin olaraq Qarabağ ermənilərinə yaxşı mənada göstərməlidir. Bu fonda da o, İvanişvili kimi, Qarabağ ermənilərinin yolunda milyardarını səpələyəcək.

İlk növbədə Qarabağdakı ermənilərin etimadını qazanmaqla Moskva onu əsas məqsədə doğru addım atmağa sürükləyəcək. Əsas məqsəd isə dediyimiz kimi, Ermənistanda Moskvanın adamının iqtidara sahib olmasıdır. Belədə demək olar ki, Vardanyanın Xankəndiyə gəlməsi və "vəzifə” alması Ermənistanda baş verəcək çox ciddi siyasi proseslərin başlanğıcı hesab edilməlidir. Bu halda Vardanyanın "vəzifə alması" ilə Ermənistanda Paşinyana qarşı duran qüvvələrin yenidən aktivləşəcəyi də gözlənilir. Onu da qeyd edək ki, yeni "təyinat"a qədər Vardanyan imkan tapıb Fransaya da səfər edib. Çox güman ki, burada Paşinyandan narazı erməni diasporunun da xeyir-duasını almağa və Paşinyanın yerinə gələcəyi təqdirdə Parisin ona loyal münasibət bəsləməsinə nail olmağa çalışıb. 

Rüfət Sultan