Dünya 18:27 02.03.2023

Vaşinqton - Pekin münasibətləri müharibə həddində: Nə baş verəcək?

"ABŞ Çinə sanksiya tətbiq edəcək, amma bu addım heç nəyi dəyişməyəcək və Pekin Rusiyaya silah verəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev ABŞ-ın müttəfiqlərini Çinə qarşı sanksiya tətbiq etməyə çağırmasına münasibət bildirərkən deyib:

"Çin bu addımı atmasa da belə, ABŞ Pekini cəzalandırmaqda israrlıdır. Pekin bunu başa düşdüyündən qabaqlayıcı addım ataraq, Rusiyaya kömək etməklə həm ABŞ-ın resurslarını tükəndirir, həm də siyasi gücünü zəiflədir. ABŞ Ukraynada Rusiya ilə bacarmır. Tədricən xarici ölkələrdə Putinin təbliğatına başlayıblar. İngiltərənin baş keşişi birmənalı şəkildə bəyan edib ki, Amerika dünyaya yiyəlik etmək istədiyindən Putin doğru olaraq ona qarşı çıxır. 

Vaşinqton Çinə sanksiya tətbiq edə bilər. 44 ildir ki, İran sanksiya altındadır. İqtisadi cəhətdən bu ölkə çöksə də, hələ də İranla bağlı istədiklərinə nail ola bilmirlər. Əksinə, İran yaxın günlərdə uranın zənginləşdirilməsini 75 faizə çatdıracaq. Odur ki, Çin də  sanksiyalara rahatlıqla əks cavab verəcək”. 

Qeyd edək ki, "Reuters" agentliyi 4 amerikalı məmur və mənbələrə istinadən ABŞ-ın müttəfiqlərilə Pekinin Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Çinə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə etdiyini yazıb. ABŞ-ın hansı sanksiyaları  təklif edəcəyi hələlik bəlli deyil. Bundan əvvəl KİV ABŞ-ın Çin hökumətinin Ukraynadakı müharibədə  istifadə etmək üçün Rusiyaya PUA və döyüş sursatları verməyi nəzərdən keçirdiyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu yazıb. Ağ  Ev bağlı qapılar arxasında Pekinə bildirib ki, Rusiyaya ölümcül silahlar ötürəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcək. 

Rüfət Sultan