Adları çəkilməyən Pentaqon rəsmiləri faktiki olaraq Kremli "başsız qoyacaq zərbə” endirməklə hədələyiblər ki, bu da Rusiya prezidentinin fiziki olaraq məhv edilməsi anlamına gələ bilər.
Qaynarinfo xəbər verir ki, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış
edib.
Onun sözlərinə görə, Qərbin Rusiyanı cilovlamağa yönəlmiş siyasəti son dərəcə təhlükəlidir və nüvə dövlətlərinin birbaşa silahlı toqquşması riskini daşıyır.
"Ən uzağa Vaşinqton getdi: orada Pentaqonun bəzi "adı açıqlanmayan rəsmiləri” əslində Kremli "başsız qoyacaq zərbə” endirməklə hədələdilər, əslində söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir. Əgər bu cür ideyalar həqiqətən kiminsə ağlına gəlirsə, bu kimsə bu cür planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, - deyə Lavrov TASS-a müsahibəsində bildirib.
O, həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski "NATO ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri tələb etməyə razılaşıb”. Nazir qeyd edib ki, nüvə müharibəsində qaliblər ola bilməz və bu, heç vaxt başlanmamalıdır.
"Biz ABŞ-da və ümumilikdə Qərbdə nüvə silahı mövzusu ətrafında aparılan təbliğat hay-küyünü dərin narahatlıqla qeyd edirik”, - Sergey Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Ukrayna ABŞ və digər NATO üzvlərini Rusiya ilə "baş-başa toqquşmalarına” ümid edərək onları silahlı münaqişəyə cəlb etməyə çalışır. Onun sözlərinə görə, Kiyev öz nəzarəti altında olan ərazilərin demilitarizasiyası və denasionalizasiyası tələblərini "düzgün” yerinə yetirməlidir, əks halda Rusiya ordusu məsələni həll edəcək.
Nizami Bağırov