Dünya 12:06 12.11.2022

Vaşinqton və Berlin Putinə qarşı: Almaniya bunun üçün bir milyard ayırdı

Almaniya hökuməti 2023-cü il büdcəsindən Ukraynaya əlavə milyard avro ayırmağa qərar verib. 

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, ayrılan vəsait müharibə cinayətlərini sənədləşdirən və Rusiyanın kiberhücumlarından qoruyan mütəxəssisləri maliyyələşdirməsinə istifadə olunacaq.

Bundan əlavə, Ukrayna, Rusiya və Belarusda jurnalistlərin müdafiəsi də daxil olmaqla vətəndaş cəmiyyətinin dəstəklənməsinə əlavə vəsait yönəldiləcək.
"Ukraynaya ayrılan büdcə açıq şəkildə göstərir ki, bizim dəstəyimiz vacib və zəruri silah tədarükündən çox kənara çıxır. Biz Avropada və Ukraynada sülhə böyük sərmayə qoyuruq”, - "Yaşıllar”dan olan deputat Robin Vaqener bildirib. Almaniya Ukraynanın ABŞ və Böyük Britaniyadan sonra üçüncü ən böyük hərbi donordur.
Bundan əvvəl Berlin Rusiyaya qarşı beynəlxalq məhkəmənin keçirilməsinə çağırıb. Digər şeylərlə yanaşı, onlar prezident Vladimir Putinin məsuliyyətə cəlb edilməsinin vacibliyini bəyan ediblər. "Müharibə cinayətləri cəzasız qala bilməz və onları törədənlər dünyanın heç bir yerində özlərini təhlükəsiz hiss etməməlidirlər", - deyə Ədliyyə naziri Marko Buşman bildirib.

ABŞ prezidenti Co Bayden də Putinə qarşı oxşar ittihamlar səsləndirib. "O, vəhşicəsinə hərəkət edir, düşünürəm ki, müharibə cinayətləri törədib. Ona görə də indi onunla görüşmək üçün heç bir səbəb görmürəm", - Bayden deyib.

Oktyabr ayında BMT-nin müstəqil beynəlxalq komissiyası Ukraynadakı hərbi cinayətlərlə bağlı araşdırmasına yekun vuraraq, onların böyük əksəriyyətinə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. Mütəxəssislər dörd regionda - Kiyev, Çerniqov, Xarkov və Sumıda olub, burada 27 yaşayış məntəqəsində 190-dan çox cinayət qurbanı və şahid dindirilib, müstəntiqlər dağıdılan və dəfn, həbs və işgəncə yerlərinə baxış keçiriblər. Onlar həmçinin silah qalıqlarını və sənədləri də tədqiq ediblər.

BMT-nin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten qeyd edib ki, zorlama Ukraynada Rusiyanın "hərbi strategiyası” və "qurbanları insanlıqdan çıxarmaq üçün düşünülmüş taktika”nın bir hissəsinə çevrilib.

BMT-dən başqa, Ukrayna ərazisində hərbi cinayətlər beynəlxalq Birgə İstintaq Qrupu (JIT) və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorluğu tərəfindən araşdırılır.

Nizami Bağırov