ABŞ konqresmenləri respublikaçı senatorlar Mark Rubio, Rik Skott və Kevin Kramer administrasiyaya Çinin Rusiyadan neft və digər enerji məhsulları almasına qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər. Sənəd Rusiyadan Çinə neft və ya mayeləşdirilmiş təbii qaz daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən təşkilatlar üçün cərimələrin tətbiqini nəzərdə tutur. Rubio vurğulayıb ki, Çin Rusiyanın enerji resurslarını almaqla Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir:
"Bu səylərdə onlara kömək edən hər hansı bir təşkilat, o cümlədən Çin dövlət şirkətləri ağır nəticələrlə üzləşməlidir".
Qeyd edək ki, Avropa bazarını itirmək ərəfəsində olan Rusiya neftinin bu il Çinə idxalı kəskin artıb. Onun Çinə gündəlik neft ixracı 1,9 milyon barreli keçib.
Bu məsələni Qaynarinfo-ya şərh edən neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, yaxın perspektivdə Çin və Hindistan Rusiya neftini almaqdan imtina edəcəklər:
"Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl neft ixracı üzrə dəniz yükləmələri əsasən Avropa bazarları üçün nəzərdə tutulurdu. Onun da həcmi gündəlik 2,3 milyon barrel idi. Ancaq Rusiyanın enerji daşıyıcılarına tətbiq edilən sanksiyalar artıq bu ölkənin dəniz yükləmələrinin Avropaya yönəlməsinə imkan vermir. Perspektivdə həm Çin, həm də Hindistan rus neftinin tam həcmdə idxalından boyun qaçıracaq. Çünki Rusiyadan neft almaları Hindistan və Çindəki şirkətlərin əksəriyyətinin beynəlxalq ixrac qabiliyyəti və nüfuzlarına xələl gətirə bilər. Hər iki ölkə tək Rusiya neftindən asılı olmaq fikrində deyil. Onlar müxtəlif mənbələrdən neft almağa çalışırlar. Rusiya ümumiyyətlə Ukrayna məsələsində hər hansı bir güzəştə getməsə, yaxın perspektivdə bu ölkənin neft-qaz hasilat və ixracında ciddi azalmalar baş verəcək”.
Bununla belə ekspert qeyd edir ki, Rusiya təbii qazdan fərqli olaraq neft ixracı prosesində əlavə imkanlara, alternativlərə malikdir:
"Fevraldan bu günə qədər Rusiyanın neft ixracı əsasən iki dövlətə yönəlib - Çin və Hindistana. Çinə gündəlik neft icracı 2 milyon barrelə, Hindistana ixrac isə 1 milyon barrelə çatır. ABŞ öz növbəsində Yaponiya, Cənubi Koreya, Hindistanla rus neftini almaqdan imtina barədə davamlı olaraq danışıqlar aparıb. Qərb belə qərara gəlib ki, dünyanın enerji təhlükəsizliyini təhdid altına almadan Rusiya neftinə tətbiq olunan sanksiyalar tədarük həcminə yox, qiymətlərə tətbiq olunsun. Bu istiqamətdə müəyyən fikirlər səsləndirilib ki, Rusiyadan neft idxal edən ölkələr onun qiymətində hədd müəyyən etsinlər. Yəni 46 dollar həcmində neft idxal etsinlər. Hələlik bu təklifin həyata keçiriləcək mexanizmi yoxdur. Ona görə düşünürəm ki, Rusiya neftinin Asiya bazarlarına, Çinə idxalı hələlik davam edəcək”.
Rüfət Sultan