Siyasət 14:05 21.01.2023

“Vasitəçilərə ehtiyac yoxdur, İrəvanla birbaşa danışıqlara başlamalıyıq” - Partiya sədri

"Kənar vasitəçi olmadan iki tərəfin birbaşa razılığa gəlməsi sülhə gedən yolda daha məqbul variantdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənsitan baş naziri Nikol Paşinyanın vasitəçilər olmadan, birbaşa danışıqlar aparması perspektivini şərh edərkən deyib. Partiya rəhbəri bildirib ki, vasitəçinin olması əlavə şərtlərin olması anlamına gəlir: 
 


"Hər iki ölkə liderlərinin birbaşa görüşüb, problemləri müzakirə etmələri mümkün variantlarından biridir. Vasitəçilər adətən özləri də müəyyən maraqlara malik olurlar. Rusiya kimi vasitəçi Cənubi Qafqazda hərbi cəhətdən iştirakını daha da möhkəmləndirmək istəyir. Onun bu fonda vasitəçilik missiyası özünün dövlət maraqlarını təmin etməyə yönəlib. Avropa İttifaqı, ABŞ da vasitəçi rolunda çıxış edərəkən, ilk növbədə məhz öz maraqları prizmasından çıxış edirlər. 

Görürük ki, vasitəçinin olması əlavə şərtlərin olması anlamına gəlir. Ona görə də başqasının iştirakı olmadan iki tərəfin görüşüb razılığa gəlməsi daha yaxşı olardı. Bu halda, tərəflər daha asan şəkildə bir-birilə dil tapıb razılığa gələ bilərlər. Vasitəçilərin bəziləri Ermənistanın maraqlarından çıxış edir. Belə olan halda, vasitəçi tək olmamalı, Ermənistan Fransanın burada iştirakını istədiyi kimi, Azərbaycan da Türkiyənin danışıqlarda yer almasını təklif etməlidir”. 

Rüfət Sultan