"Ölkədə vəkillərin sayında artım olsa da, hələ də mövcud rəqəm kifayət qədər deyil. Bu say daha bir neçə dəfə artmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycanda vətəndaşların hüquqlarının müdafiəsi üçün cəmi 2132 vəkilin fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib:
"Amma proses optimallaşmaya doğru gedir. Son illərdə say baxımından baş verən artım vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm alətlərdən biri olub. Vəkillər Kollegiyası bununla bağlı məqsədyönlü iş aparır. Mütəmadi olaraq imtahanlar, təlimlər həyata keçirir. Nəticədə bu gün vəkillik institutunun siması xeyli dəyişib. Həm də hüquqi yardımın keyfiyyəti artıb”.
Həmsöhbətimizə görə, görülən işlərin nəticəsi olaraq artıq vəkillik institutu Azərbaycanda daha geniş hörmət qazanmağa başlayıb. Bununla belə, ekspert bildirir ki, hələ də keyfiyyətli hüquqi yardım göstərilməsi məsələsində müəyyən qədər axsayırıq:
"Son 5 ildə ölkəmizdə vəkllərin sayı 5 dəfə artıb. Vəkillər Kollegiyasının rəhbərliyi dəyişəndən sonra prosesdə ciddi artımlar olub. Vəkillərin sayında artım olsa da, bu rəqəm hələ ki, orta Avropa göstəricisindən geridir. Bu istiqamətdə xeyl işlər görülməlidir. O cümlədən, Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanlar imtahanlar artıq mütəmadi xarakter alıb. Amma vəkillərin sayının süni artırılmasına da gedilməməlidir. Əsas məsələ keyfiyyətin artırılmasıdır. Kəmiyyətin çox olması keyfiyyət imkanlarını da genişləndirməlidir”.
Rüfət Sultan