Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini və daha 6 il də hakimiyyəti idarə etməyə hazır olduğunu bildirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumət başçısı prezident seçkilərinin vaxtından öncə keçirilməsi üçün çağırış edib. O, seçkilərin ən geci 30 aprel tarixinə qədər keçirilməsini istədiyini bildirib.
Maduro iqtidardaki Sosialist Partiyasının 4 fevral tarixdə keçirəcəyi iclasda partiyasının vahid namizədi olması barəsində təklif irəli sürəcəyini və seçiləcəyi təqdirdə prezidentlik uğrunda müxalifləri ilə yenə həvəslə yarışacağını açıqlayıb: "Ən yaxın tarixi seçməlidirlər. Mənə qalsa seçkiləri qarşıdakı bazar günü də keçirə bilərəm. Biz qərarı xalqın verməsi üçün onları (müxalifəti) prezident seçkilərində gözləyirik".
O, müxalifətin zəif və parçalanmış vəziyyətdə olduğunu, həmçinin əsas rəqiblərinin sürgündə və ya həbsdə olduğunu da diqqətə çatdırıb.
Lakin keçmiş prezidentliyə namizəd Henriki Kapriles hazırkı hökumətin Maduronun dediyi qədər populyar olmadığını və böyük faizdə səs itirəcəyini deyib: "Hazırkı hökumət və liderləri venesuelalıların çoxunu narahat edir. Demokratiyanın bərqərar olması üçün müxalifət birləşməlidir".
Qeyd edək ki, Kapriles Miranda əyalətinin qubernatoru vəzifəsində olarkən ictimai fondları düzgün idarə etmədiyi üçün 15 il müddətinə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək.
Venesuelada demokratik idarəetmə formasının yaradılmasını istəyən bəzi Latın Amerikası ölkələrinin ötən il yaratdığı "Lima Qrupu" isə seçkilərin erkən keçirilməsinə qarşı çıxıb. Çilidə təşkil olunan tədbirə qatılan 14 ölkənin xarici işlər nazirləri yaydıqları bəyanatda seçkilərin erkən keçirilməsinin demokratik prinsiplərə və beynəlxalq standartlara zidd olduğunu bildiriblər. Açıqlamada həmçinin mövcud şərtlər daxilində keçiriləcək prezident seçkilərinin nəticələrinin şəffaf olmayacağı da qeyd olunub.
Maduro çıxışında xarici ölkələrin, xüsusilə də ABŞ və İspaniyanın ölkədəki sosialist hakimiyyəti çükdürmək üçün kampaniyalar apardığınıə deyib.
Qeyd edək ki, Venesuelada prezident seçkiləri adətən ilin sonunda təşkil edilirdi. N.Maduro isə 2013-cü ildən bəri hakimiyyətdədir. O, xərçəng xəstəliyindən dünyasını dəyişən və özünün müəllimi hesab etdiyi Uqo Çavesin yerinə prezident seçilib.
Çingiz Səfərli