ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat Pentaqon üçün son dərəcə uğurlu olub – nə bir təyyarə, nə də bir hərbçi itirilib. ABŞ rəsmiləri bildirirlər ki, Çin və Rusiya tərəfindən Venesuelaya verilmiş hava hücumundan müdafiə sistemləri tamamilə aciz qalıb. Lakin bu vəziyyət gələcək hərbi əməliyyatların planlaşdırılmasında Pentaqonun Çin və Rusiya HHM sistemlərinin imkanlarını ciddi şəkildə düzgün qiymətləndirməməsi riskini yarada bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" yazır.
Məqalə müəllifləri vurğulayırlar ki, Venesuela hərbçilərinin ixtiyarında olan xarici HHM sistemləri fəaliyyətsizlik və səriştəsizlik səbəbindən lazımi qaydada istismar edilməyib. Buna görə də Karakasda keçirilən reydin uğuru amerikalıların eyni silah nümunələri ilə, lakin bu dəfə rus və ya çinli hərbçilərin əlində qarşılaşacağı halda ciddi əhəmiyyət daşımaya bilər.
"Venesuelalı heyətlər, görünür, yetərincə hazırlıqlı deyildilər, çünki hava hücumundan müdafiə mövqelərinin çoxunu maskalanma altında deyil, açıq sahələrdə yerləşdirmişdilər”, deyə ABŞ dəniz piyadalarının istefada olan polkovniki və müdafiə məsələləri üzrə ekspert Mark Kansian bildirib.
Qeyd olunur ki, Venesuelaya məxsus avadanlıqların ən azı bir hissəsi ümumi sistemə qoşulmamışdı və faktiki olaraq döyüşə hazır deyildi.
Məhz buna görə Venesuela liderinin ələ keçirilməsi əməliyyatı zamanı amerikalıların əldə etdiyi tam uğur Rusiya və Çin HHM sistemlərinin real potensialı barədə çox az məlumat verir.
Ədalət naminə qeyd olunur ki, ötən il İsrailin İranla müharibəsi zamanı israillilər İranın HHM sistemlərini də susdurub və kor edib. Həmin sistemlər əsasən Rusiya istehsalı idi. Lakin burada da nəzərə almaq lazımdır ki, Rusiya ixrac üçün texniki baxımdan daha zəif versiyalı zenit-raket kompleksləri təqdim edir və iranlı zenitçilərin peşəkar hazırlıq səviyyəsi suallar doğurur.
Həqiqətən nəzərə alınmalı məqam isə Rusiya HHM sistemlərinə qarşı mübarizənin Rusiya–Ukrayna müharibəsi çərçivəsində əldə olunmuş təcrübəsidir. "Business Insider" qeyd edir ki, bu münaqişədə Rusiya HHM sistemi ümumilikdə kifayət qədər effektiv olub, baxmayaraq ki, ən yeni S-400 kompleksləri də daxil olmaqla, zenit-raket sistemlərinin ciddi itkiləri baş verib.
"Təəssürat yaranır ki, bu sistemlər aşağı və orta səviyyəli təhdidlərin öhdəsindən gələ bilir, lakin ABŞ və İsrailin həyata keçirdiyi ən mürəkkəb hücumlara qarşı dayanıqlı deyil”, deyə Kansian bildirib.
Bununla belə, o vurğulayıb ki, ABŞ və müttəfiqlərinin aviasiyası hələ müasir Rusiya və Çin inteqrasiya olunmuş HHM şəbəkələri ilə tam gücü ilə sınaqdan keçirilməyib.
ABŞ-ın Venesueladakı əməliyyatı: Son xəbərlər
ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən ildırımsürətli əməliyyat zamanı amerikalıların "Discombobulator" adlı məxfi silahdan istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu silah Venesuelanın hava hücumundan müdafiə sistemlərini tamamilə sıradan çıxarıb.
Tramp vurğulayıb ki, Karakasın arsenalında Rusiya və Çin raketləri olmasına baxmayaraq, onların heç biri buraxılmayıb. Çünki sistemləri işə salmaq cəhdləri zamanı heç nə işləməyib. Halbuki Venesuela qüvvələri hücuma hazır vəziyyətdə olub.
Aydın
Şərhlər