ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna ilə faydalı qazıntıların hasilatı üzrə razılaşma danışıqlarında prezident Donald Trampdan daha sərt mövqeyə malikdir.
Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, Avropa rəsmiləri Tramp və Zelenski arasında fikir ayrılıqlarının aradan qaldırılması və faydalı qazıntılarla bağlı təklif olunan sazişin imzalanması üçün aparılan danışıqlarda Vensin tez-tez Trampdan daha sərt mövqe tutduğunu
bildiriblər.
Onun yanaşması dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndə Kit Kelloq kimi daha mülayim mövqe nümayiş etdirən fiqurlarla ziddiyyət təşkil edir.
Bəzi Avropa rəsmiləri Venslə keçirdikləri xüsusi görüşlərdə onun ünsiyyət tərzini peşəkar və açıq siyasi ritorikadan uzaq kimi xarakterizə ediblər.
Bu həftə Vens yenidən tənqidlərə məruz qalıb. O, Fox News-a müsahibəsində Ukraynanın hər hansı bir "təsadüfi ölkədən” təhlükəsizlik zəmanəti almasının heç bir dəyəri olmadığını bildirib. O, bunu son 30-40 ildə müharibə aparmayan ölkələrə istinadən dediyini qeyd edib.
Vens ABŞ Dəniz Piyadalarında İraq müharibəsi zamanı hərbi müxbir kimi xidmət etdiyini, Böyük Britaniya və ya Fransanı nəzərdə tutmadığını söyləsə də, Britaniya siyasətçiləri onun fikirlərini sərt tənqid ediblər. Onlar Böyük Britaniya qüvvələrinin uzun illərdir ABŞ əsgərləri ilə birlikdə İraq və Əfqanıstanda xidmət etdiyini xatırladıblar.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin imzalanmasını müharibənin mümkün qədər tez dayandırılması ilə əlaqələndirmək istəyir. Rusiya isə üç ildən çoxdur ki, Ukraynaya qarşı genişmiqyaslı işğalını davam etdirir.
Alpər