
2016-cı ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 339 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 54 milyon 14 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon 751 min manat çoxdur.
Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 175 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində 719 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 95 iş üzrə 109 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.