Xəbər lenti

"Vətəndaş müharibəsi hələ yetişməyib, Putin Priqojini məhv edəcək” (MÜSAHİBƏ)
Dünya10:56 24.06.2023

"Vətəndaş müharibəsi hələ yetişməyib, Putin Priqojini məhv edəcək” (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Vaqner” silahlı birləşməsinin rəhbəri Yevgeni Priqojin iyunun 23-də Rusiya Müdafiə Nazirliyinə qarşı hərbi qiyam qaldırıb. Rusiya prezidenti Vladimir Putin Rusiya xalqına, Silahlı Qüvvələrə və hüquq-mühafizə orqanlarına müraciətində Priqojini xain adlandırıb. 
Dövlət başçı bildirib ki, xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı cəzalarını alacaqlar. O, Rusiya Prezidenti və Ali Baş Komandan kimi, ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyini bildirib. 
Lakin bəzi ekspertlər hesab edirlər ki, Priqojinin qiyamı Rusiyada hakimiyyət dəyişikliyi ilə başa çatacaq. 
Qaynarinfo bu məsələ ilə bağlı siyasi analitik Rauf Mirqədirovdan müsahibə alıb.
- Priqojin qiyamının uğurla başa çatacağını proqnozlaşdırmaq olarmı?
- Priqojinin qiyamının uğurla nəticələnəcəyinə inanmıram. Putin bu ehtimalı nəzərə almayacaq qədər axmaq deyil. Hərbi əməliyyatlarda istifadə edilməyən və Putinlə hərbi-siyasi elitanın təhlükəsizliyini təmin edəcək elit hərbi hissələr kifayət qədər yaxşı silahlanıblar. Onların da vəzifəsi yalnız və yalnız Putin və hərbi-siyasi elitanın maraq və təhlükəsizliyini qorumaqdan ibarətdir. Düşünürəm ki, Priqojin qiyamının dəf edilməsində məhz bu elit hərbi hissələrdən istifadə olunacaq. Priqojinin əlində həm də aviasiya yoxdur və odur ki, onun qalib gəlmək şansı azdır.
- Bəzi ekspertlər düşünürlər ki, artıq Rusiyada vətəndaş müharibəsi başlayıb...
- Rusiya ictimai fikri hələ vətəndaş müharibəsi səviyyəsində qarşıdurmaya hazır deyil. Qərbdəki analitiklər də etiraf edirlər ki, Putinin nüfuzu aşağı düşüb, Rusiya cəmiyyətində müharibəyə münasibət dəyişməyə başlayıb. Lakin hələ də Rusiya cəmiyyətində böyük bir parçalanmanın baş verdiyini söyləmək mümkün deyil. Hətta vaxtilə müharibənin başlanmasına qarşı çıxan bəzi qüvvələr bu gün imperalist düşüncədən çıxış edərək, onun qələbə ilə başa çatmasına çalışırlar. Rusiyada vətəndaş müharibəsinə gətirəcək hadisələr yalnız onun Ukrayna cəbhəsində ağır məğlubiyyətindən sonra baş verə bilər. Rusiya taxirində bu sayaq təlatümlər yalnız və yalnız ölkənin xarici siyasətində ciddi məğlubiyyətindən sonra baş verir. 1853-1856-cı illərin Krım müharibəsi Rusiya üçün ciddi məğlubiyyətlə sonuclanıb və bu məğlubiyyət şimal ölkəsini ciddi islahatlara getməyə məcbur edib. XX əsrin əvvəllərində isə Rusiya Yaponiya ilə müharibədə məğlub oldu. Bundan sonra birinci rus inqilabı baş verdi. Nəticədə, Dövlət Duması yaradıldı, Stolıpin islahatları həyata keçirildi. Lakin sonradan bunlar yarımçıq olaraq dayandırıldı. 
Birinci Dünya müharibəsində Rusiyanın məğlub olması da fevral və oktyabr inqilablarına səbəb oldu. Sovet imperiyasının dağılmasında isə rus ordusunun Əfqanıstana yeridilməsi və burada onun biabırcasına məğlubiyyətə düçar olması əhəmiyyətli rol oynadı. Putin isə hələlik Ukraynada ağır məğlubiyyətə düçar olmayıb. Ona görə də Rusiyada vətəndaş müharibəsi ehtimalı o qədər də real deyil.
- Priqojin Putinə qarşı mübarizənin simvoluna çevrilə biləcəkmi?
- İnanmıram. Priqojin deyib ki, müharibə lazım deyildi, Zelenski Putinlə dil tapmağa hazır idi. Lakin Putin ətrafındakı oliqarxlar buna imkan vermədi. Onlara müharibə lazım idi ki, Ukraynanın resurslarını öz aralarında bölüşdürsünlər. Ona görə də Priqojin hələlik "şah yaxşıdır, ətrafı isə pisdir” prinsipilə hərəkət edir. Onun bu dediklərində yəqin ki, həqiqət var. Amma bir şeyi unutmayaq ki, Priqojin özü çox əzazil və odioz fiqurdur. Onun Putinə qarşı mübarizənin simvoluna çevrilə biləcəyini düşünmürəm. Çünki ictimai fikirdə onun mövqeyi o qədər də güclü deyil. İrticaçı-şovinist qüvvələrin bir hissəsi onu özlərinin bütünə çevirməyə çalışa bilərlər. Amma düşünmürəm ki, o hətta bu cəbhənin aparıcı fiquruna çevrilə bilsin. Liberal-demokratik qüvvələr və Qərb üçünsə o qəbulolunmaz fiqurdur.
- Rusiya Ukraynada uğur qazana bilmir. Bu amili anti-Putin əhvalının artmasına səbəb ola bilərmi?
- Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan özünün kifayət qədər inctitutsional yetişmiş dövlət olmadığını nümayiş etditrdi. Azdan-çoxdan nüfuzu olan hər kəs özünə ordu yaratmağa başladı. Kadırov və Priqojinin ardınca, hətta birbaşa Şoyquya tabe olan hərbi hissələr də yaradıldı. Bu da əcaib situasiyadır və ölkə elitasında qarşıdurmanın mövcudluğunun göstəricisidir. Ukrayna cəbhəsində acınacaqlı məğlubiyyətin olması fonunda elita daxilində gərginlik daha da artacaq və onlar bir-biri ilə münasibətləri araşdırmağa başlayacaqlar.
- Bu qarşıdurmadan Priqojin salamat çıxa biləcəkmi?
- Fikrimcə, Putin öz aşbazını aradan götürəcək. Priqojin qiyamından sonra Putin hərbi hissələrin komandanlığı ətraflarına daha sədaqətli adamları yığmağa başlayacaq və istənilən an istənilən yerdə növbəti bir qiyamın baş verməsinin qarşısını almağa çalışacaq. Lakin qiyamın qarşısını alsa belə, onun Putin üçün neqativ nəticələri də olacaq. Ona görə ki, Priqojin Putinin ən çox etibar etdiyi adamlardan idi. Lakin buna baxmayaraq, indiki situasiyada Putin onu qurban vermək məcburiyyətindədir. Bundan sonra istənilən an hər kəsin qurban verilə biləcəyi təhlükəsi qarşısında hərbi siyasi elitada Putinə inananların sayı ciddi şəkildə azalacaq.
- Ramzan Kadırovun taleyi necə olacaq?
- Kadırov da odioz fiqurdur. O çalışacaq ki, Putinin rəğbətini qazansın. Lakin Kadırov o qədər qeyri-sabit adamdır ki, Putinin sonu olduğunu, Rusiyanın məğlub olduğunu hiss etsə, vətəninə dönüb, Qafqaz dövləti yaratmağa çalışacaq.
Rüfət Sultan