"Moskvanın Ukraynada atdığı hər bir addım ABŞ başda olmaqla Qərbin xüsusi xidmət orqanlarının cızdığı plan üzrə gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiyanın Ukraynanın mühüm əhəmiyyət kəsb etməyən Baxmut şəhərini işğalının ajiotaja səbəb olmasından danışarkən deyib:
"Qərb Baxmut döyüşləri fonunda strateji və taktiki baxımdan peşəkar səviyyədə Rusiyanı bataqlığa salıb. Həm Rusiya, həm Ukraynanın fəaliyyəti ABŞ başda olmaqla Qərb tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, cəbhədəki vəziyyət nə Rusiyanın, nə də Ukraynanın nəzarəti altında deyil. Bunlar birbaşa ABŞ-ın diqtəsi və kordinatı ilə baş verən hadisələrdir. Qərb Rusiyanı bacardıqca daha çox dərəcədə aşağılamağa çalışır. Bu mənada Baxmut söhbətini formalaşdıran da Qərbdir. Onunla məharətli şəkildə Rusiyanı idarə edirlər. Rusiya artıq küncə sıxışdırılmış əhşi şimal ayısı kimidir. Nə edəcəyini bilmir, yaxud da nə etməli olduğunu ona başqaları deyir. Qeyri-adi səslənsə də, konkret olaraq deyirəm ki, Moskvanın Ukraynada atdığı hər addım ABŞ başda olmaqla Qərbin xüsusi xidmət orqanlarının cızdığı planla gedir. Rusiyanın konkret siyasi və hərbi doktrinası olmayan bir dövlətdir. Onu elə bir bataqlığa salıblar ki, o, siması, obrazını, mübarizə, düşüncə tərzini belə unudub. Bu mənada da Rusiyanın Baxmuta ciddi önəm verməsi əslində onun düşdüyü tələnin daha bir tərkib hissəsidir. Baxmut döyüşlərinə önəm verməklə Rusiya bataqlığın daha dərinliyinə doğru yuvarlanır”.
Qeyd edək ki, keçən ilin avqustundan rus ordusu Ukraynanın şərqində Donbasdakı kiçik Baxmut şəhərini almağa cəhd edir. Rusiya tərəfinin verdiyi son məlumatlara görə, artıq şəhər rus ordusunun əlindədir. Amma Ukrayna tərəfi məlumatın doğru olmadığını, şəhər uğrunda döyüşlərin hələ də getdiyini bildirir.
Rüfət Sultan