Vikinq dövrü yalnız qəhrəmanlıq dastanları və əfsanələrlə deyil, həm də qaranlıq tərəfləri ilə tarixdə yer alıb. Norveçdə bu dövrdə əhalinin təxminən 1/4-nin kölə olduğu məlumdur.
Qaynarinfo "Science Norway"
jurnalına istinadən xəbər verir ki, Vikinqlər Avropa boyu basqınlar edərək çoxsaylı insanı əsir götürür, həmçinin Avropadakı kölə bazarlarından kölələr alırdılar. Bu kölələr ya şəxsi xidmətlər, ya da ərəb bazarlarında satılmaq üçün istifadə olunurdu.
Kölələrin mənşəyi və vəziyyəti
Vikinqlərin əsir götürdüyü kişilər və qadınlar əsasən Avropanın müxtəlif bölgələrindən gəlirdi. Ancaq Norveçdə də yerli əhali arasında köləlik mövcud idi.
Bəzi insanlar borclarını ödəyə bilmədikləri üçün köləliyə məcbur qalırdı, digərləri isə kölə ailələrində doğulurdu. Kölələrin uşaqları da kölə statusu ilə doğulurdu və bu, nəsildən-nəslə keçirdi.
Azadlıq ümidi və köləlikdən xilas olma yolları
Bəzi kölələr öz azadlıqlarını satın almaq üçün əlavə işlərdə çalışır və pul yığırdı. Lakin bu imkan hamıya şamil edilmirdi. Qaçmaq üçün kifayət qədər resursların olmaması bu seçimi qeyri-mümkün edirdi.
Kölələrin gündəlik həyatı
Kölələr ən ağır işlərə cəlb olunurdu və onların həyat şərtləri son dərəcə ağır idi. Əsasən kənd təsərrüfatı işlərində çalışdırılan kölələr yalnız yemək, paltar və sığınacaq təminatı ilə kifayətlənirdi.
Arxeoloqlar Norveçdə bəzi təsərrüfatların yanında kölələr üçün nəzərdə tutulan kiçik otaqlar aşkar ediblər.
Skandinaviya poeziyasında kölələrin gündəlik həyatından bəhs edilir: əyilmiş bellər, köhnə paltarlar, az qidalı yeməklər və ağır işlər onların taleyini əks etdirir.
Vikinq dövrünün sonu və köləliyin azalması
Vikinq dövrü 1050-ci illərdə sona çatdıqdan sonra köləlik tədricən azalmağa başlayıb. Norveçdə kölə idxalı dayandırılıb və mövcud kölələr ya azadlığa buraxılıb, ya da zamanla ölüb. Vikinq səfərlərinin sona çatması ilə kölələrə olan tələbat da azalıb.
Azadlığa qovuşmuş kölələr çox vaxt keçmiş sahiblərinə kirayə ödəyən fermerlər kimi işləməyə davam edib. Lakin onların sosial statusu aşağı olaraq qalıb və cəmiyyətin ən aşağı pilləsində yer alıblar.
Tarixi unudulmuş kölələr
XIX əsrdə Norveçdə İsveçə qarşı müstəqillik mübarizəsi zamanı Vikinq dövrü qəhrəmanlıq simvolu kimi təbliğ edilmişdi. Lakin bu qəhrəmanlıq hekayələrində köləliyə yer verilməmiş, bu da Norveçdəki köləlik tarixinin uzun müddət diqqətdən kənarda qalmasına səbəb olmuşdu.
Bu gün Vikinq dövrünün köləlik sistemi, tarixdə güc, sərvət və insan istismarı arasındakı kompleks əlaqələrin bir nümunəsi kimi araşdırılmaqdadır.
Aydın
Şərhlər