"Bu açıqlama Orbanın düşüncəsində dəyişikliyin olduğuna işarədir. O da artıq başa düşür ki, Rusiya apardığı müharibədə uduzmağa məhkumdur. Çünki Qərb Ukraynanın yanındadır. Orban da anlayır ki, həmişəki kimi tək Rusiyanın tərəfini saxlamaq onun gələcək siyasi karyerasına öldürücü zərbə vura bilər. Bu səbəbdən o da reallığa uyğun bəyanat verməyə başlayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov hər zaman Rusiyapərəst mövqeyilə seçilən Macarıstan baş naziri Viktor Orbanın birdən-birə Moskvanın istəyinə zidd bəyanat səsləndirməsini şərh edərkən deyib.
Elşad Həsənov bildirib ki, artıq Orban da Rusiyanın taqətdən düşdüyünün fərqindədir:
"Onlar anlayır ki, Ukraynanın uduzması həm də Avropanın uduzması demək olacaq. NATO-dakı Avropa ölkələri yaxın gələcəkdə ümumi hərbi büdcələrini 850 milyard avroya qaldırmaq barədə qərar veriblər. Böyük Britaniya, Almaniya ciddi şəkildə müharibəyə hazırlaşır. Yəni yaxın illərdə Avropa hərbi cəhətdən daha da güclənəcək və Ukraynaya daha böyük dəstək verəcək. Orban da artıq görür ki, Moskvanın apardığı müharibə Rusiyanı tamamilə çökdürür. Artıq o da Rusiyanın taqətdən düşdüyünün fərqindədir".
Ekspert iqtisadçıların hesablamalarına əsasən deyir ki, Rusiya iqtisadiyyatı payıza qədər tam çökəcək:
"Rusiya büdcəsində doldurulması mümkün olmayan böyük kəsir yaranıb. Duma deputatları rus oliqarxlardan öz gəlirlərini müharibəyə xərcləməyi tələb edir. ABŞ Senatı tərəfindən Rusiyaya qarşı öldürücü sanksiyaların qəbulu gözlənilir. Rusiyadan neft və qaz alan ölkələrə 500 faizlik rüsum tətbiq edilsə, bu şimal ölkəsi çökəcək. Rusiya müharibədə 250 mini ölməklə 1 milyondan çox adam itirib”.
Qeyd edək ki, hər zaman Rusiyaya yaxınlığı ilə seçilən Macarıstan baş naziri Viktor Orban birdən-birə Moskvaya münasibətdə ziddi fikirlər səsləndirməyə başlayıb. O, Fransanın LCI telekanalına bildirib ki, ruslar yalnız güc dilini anlayır:
"Bu səbəbdən Avropa İttifaqı Moskva ilə danışıqları məhz bu mövqedən aparmalıdır. Avropa güclü olmalıdır. Danışıqlar güc mövqeyindən aparılmalıdır".
Lakin Orbanın fikrincə, hazırda Avropa zəif olduğu üçün bunu edə bilmir.
Rüfət Sultan
Şərhlər